Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Xarici dillər fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Yasin Babazadənin “İngilis dilli lüğətlərin tarixi, quruluşu və tipologiyası” adlı monoqrafiyasının təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi Orxan Cəfərov müəllifi uğuru münasibətilə təbrik edib, elmi fəaliyyətinin davamlı olmasını arzulayıb.
Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru İlhamə Məmmədova, “Azərbaycan dilçiliyi” kafedrasının dosenti, filologiya elmləri doktoru Qalibə Hacıyeva və Tərcümə Mərkəzinin tərcüməçisi, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva monoqrafiya haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, üç fəsildən ibarət olan kitabda ingilis leksikoqrafiyasının inkişaf tarixi, ingilisdilli lüğətlərin strukturu, tipologiyası və təsnif parametrləri kimi mühüm mövzulara yer verilib. Bildirilib ki, leksikoqrafiya dilçilik sahəsinin ümumi nəzəriyyələrinə əsaslanır. Həmçinin nəşrdə elektron lüğət nümunələri də təqdim olunub.
Digər çıxışçılar da müəllifi təbrik edərək monoqrafiyanın elmi ictimaiyyət üçün əhəmiyyətini vurğulayıblar. Nəzərə çatdırılıb ki, monoqrafiya ingilis leksikoqrafiyasının aktual problemlərinə elmi yanaşmanı əks etdirən dəyərli tədqiqat əsəridir. Bu nəşr gələcək tədqiqatçılar üçün mühüm elmi mənbə rolunu oynayacaq.
Yekunda müəllif Yasin Babazadə səsləndirilən xoş sözlərə, göstərilən diqqət və qayğıya görə rektora , eləcə də universitet kollektivinə minnətdarlığını bildirib.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.
Badəm Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı


