NDU-da İstanbul Universitetinin professoru Edip Asəf Bekaroğlu təlim keçib

Naxçıvan Dövlət Universitetində “Müsəlman əhalisinin üstünlük təşkil etdiyi ölkələrdə populizm və din” mövzusunda təlim təşkil olunub.

Tədbirdə tədrisi Azərbaycan və ingilis dillərində aparılan “Beynəlxalq münasibətlər” ixtisasının tələbələri iştirak ediblər.

Təlim “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, İstanbul Universitetinin siyasət elmləri üzrə professoru Edip Asəf Bekaroğlunun assistenti Nazlı Yaqubovanın təşkilatçılğı ilə keçirilib.

Naxçıvan Dövlət Universiteti haqqında məlumat verən Nazlı Yaqubova Azərbaycan və Naxçıvanın regional strateji əhəmiyyətindən bəhs edib. O bildirib ki, ölkəmizdə Multikulturalizm dövlət siyasəti kimi, dövlətin müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin birgə yaşamasını təmin etmək, bu qrupların hüquqlarını qorumaq və mədəni müxtəlifliyi cəmiyyətin inkişafı üçün bir dəyər kimi qəbul etmək məqsədi daşıyan bir siyasətdir. Bu siyasət inteqrasiya, tolerantlıq, hüquq bərabərliyi və mədəni mübadiləni təşviq edir. Nazlı Yaqubova ölkəmizin əldə etdiyi nailiyyətləri və formalaşan yeni geosiyasi reallıqları təlim iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Türkiyənin İstanbul Universitetinin siyasət elmləri üzrə professoru Edip Asəf Bekaroğlu qloballaşma, demokratiya, mülayim islamçılıq, demokratiyanın geriləməsi və populizmin yüksəlişi, mülayim islamçılıq mərhələsinin sonu, qloballaşma ilə bağlı narazılıq, populizm və din arasındakı oxşarlıqlar haqqında geniş təqdimatla çıxış edib.

Təlim diskussiya formatında davam edib.