NDU-da istedadlı tələbələrlə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində istedadlı tələbələrlə görüş təşkil olunub.

Görüşdə universitetin rektoru Elbrus İsayev çıxış edərək tələbələr üçün yaradılmış imkanlar və dəstək mexanizmlərindən danışıb. O, universitetdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi və digər tələbə təşkilatlarının fəaliyyətindən bəhs edərək gəncləri bu qurumlara qoşulmağa və universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb.

“Açıq mikrofon” formatında davam edən görüş zamanı tələbələr öz fikirlərini, təkliflərini səsləndiriblər və suallarını ünvanlayıblar. Rektor tələbələrin bütün suallarını cavablandırıb.

Tədbirin sonunda yeni yaradılan “Tələbə İstedad Bankı” layihəsinin və istedadmerkezi.net saytının təqdimatı keçirilib.

Tələbələrlə iş və tədbirlərin təşkili sektorunun müdiri Hüseyn İmanov layihə haqqında məlumat verərək bildirib ki, bu layihə universitetin istedadlı gənclərinin ortaya çıxarılması, tanıdılması istiqamətində mühüm addımdır. İstedad sahələrinə aid 19 alt kateqoriyadan ibarət olan layihə fakültələr və tələbə təşkilatlarının fəal gənclərinin məqalə, layihə və digər istedadları haqqında məlumatları əhatə edir. Yeni başlanılmasına baxmayaraq, layihəyə 1000-dən çox tələbə müraciət edib.

Layihədə iştirak etmək istəyən tələbələr istedadmerkezi.net saytından qeydiyyatdan keçə bilərlər.