NDU-da “Konstitusiya: suverenliyin, hüquqi və demokratik islahatların əsası” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində və 12 Noyabr Konstitusiya Gününə həsr olunan  “Konstitusiya: suverenliyin, hüquqi və demokratik islahatların əsası” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov bu cür görüşlərin tələbələrdə hüquqi maarifləndirməni artırmaq və onlarda suverenlik anlayışını möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbir panel müzakirələrlə davam edib. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, məhkəmə sədri vəzifələrini icra edən Şəhriyar Əliyev və həmin məhkəmənin hakimi Rəfail Sadıxov moderator tərəfindən ünvanlanan suallar əsasında geniş çıxışlar ediblər. 

Müzakirələr zamanı Azərbaycanın dövlətçilik əsaslarını müəyyən edən Konstitusiyanın suverenlik, müstəqillik və ərazi bütövlüyünün təminindəki rolu, Vətən Müharibəsinin hüquqi və tarixi əhəmiyyəti, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin strateji məqsədləri vurğulanıb.

Həmçinin süni intellekt texnologiyalarının məhkəmə-hüquq sistemində tətbiqi, onun gələcəkdə məhkəmə proseslərinin avtomatlaşdırılması və iş yükünün azaldılması baxımından potensial imkanları da müzakirə olunub. Tədbir tələbələrin fəal iştirakı və interaktiv sual-cavabla davam edib.

 

 

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı