NDU-da mədəniyyət strategiyasına dair müşavirə keçirilib

20.02.2026

NDU-da mədəniyyət strategiyasına dair müşavirə keçirilib

           Naxçıvan Dövlət Universitetində mədəniyyət sahəsinə dair strateji hədəflərin müəyyənləşdirilməsi məqsədilə müşavirə təşkil olunub.

Müşavirə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli Sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasından irəli gələn vəzifələrin universitet çərçivəsində icrasına həsr olunub. NDU üzrə mədəniyyət strategiyasının əsas istiqamətləri müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

Universitetin rektoru Elbrus İsayev müşavirədə son dövrlərdə, xüsusilə, 2025-ci il ərzində mədəniyyət sahəsində qazanılmış uğurlardan bəhs edib. Rektor NDU-da mədəniyyət sahəsinin sistemli inkişafı baxımından yeni mədəniyyət strategiyasının hazırlanmasına ehtiyac olduğunu bildirib. Bu planın əsas məqsədi Naxçıvan Dövlət Universitetində sağlam akademik və etik mühitin möhkəmləndirilməsi, tələbə və əməkdaşlarımızın yaradıcı potensialının üzə çıxarılması, milli-mədəni irsimizin qorunması və elmi əsaslarla təbliği, həmçinin universitetimizin regional və beynəlxalq mədəni mübadilə proseslərində iştirakının daha da genişləndirilməsidir.

Bu istiqamətlər üzrə konkret hədəflər müəyyənləşdirilib və onların ardıcıl icrası üçün lazımi şəxslərə müvafiq tapşırıqlar verilib.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nicat Yaqubov çıxışında universitetin illik, beşillik və onillik strategiyasının ümumi müddəaları və əsas vəzifələri barədə ətraflı məlumat verib. Bildirib ki, strateji planın uğurlu icrası üçün effektiv nəzarət və monitorinq mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Strategiyanın həyata keçirilməsi 2026–2030, 2031–2035 və 2036–2040-cı illəri əhatə edən üç mərhələ üzrə planlaşdırılıb.

Prorektor çıxışında həmçinin multikulturalizm və Azərbaycan dili məsələsinə toxunub, milli-mənəvi dəyərlərin qorunması və Ana dilinin universitet mühitində daha fəal təşviqinin vacibliyini vurğulayıb.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova xarici tələbələrin də mədəniyyət və incəsənət sahəsinə maraq göstərdiyini, onların universitetin mədəniyyət strategiyası çərçivəsində yüksək enerji və həvəslə iştirak edərək uğur qazana biləcəklərini nəzərə çatdırıb.

Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov, Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekan əvəzi Abbas Əhmədov, İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov və digər çıxışçıların mədəniyyət sahəsində peşəkar kadrların hazırlanması mexanizmləri və perspektiv istiqamətlər ilə bağlı hesabat və təklifləri müzakirə edilib.

Tədbirdə iştirakçıların fikirləri dinlənilib, müzakirələr qarşılıqlı fikir mübadiləsi ətrafında davam etdirilib. Səsləndirilən təkliflər fakültələrin gələcək fəaliyyət planlarında nəzərə alınması məqsədilə qeydə alınıb.

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı