NDU-da mərhum dilçi alim Elbəyi Maqsudovun 70 illiyinə həsr olunan yubiley tədbiri keçirilib

24.02.2026

NDU-da mərhum dilçi alim Elbəyi Maqsudovun 70 illiyinə həsr olunan yubiley tədbiri keçirilib

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudovun 70 illiyinə həsr olunan yubiley tədbiri təşkil olunub.

Əvvəlcə alimin xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri qoyulub.

Tədbirdən öncə professorun elmi fəaliyyətini əks etdirən kitablarından ibarət sərgiyə baxış olub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Elbəyi Maqsudovun universitetdə uzun illər ərzində səmərəli elmi və pedaqoji fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, mərhum alim NDU-da sağlam elmi mühitin formalaşmasında və gənc mütəxəssislərin yetişməsində mühüm rol oynayıb.

Rektor qeyd edib ki, zəngin elmi irsə malik olan akademik yüksək pedaqoji ustalığı, prinsipial mövqeyi və elmə sədaqəti ilə seçilib, ictimai-siyasi xadim kimi dövlətə və cəmiyyətə ləyaqətlə xidmət edib.

Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev və “Azərbaycan ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli çıxış edərək alimin mənalı həyat yolundan, elmi-pedaqoji fəaliyyətindən və universitetdə formalaşdırdığı elmi mühitdən danışıblar. Çıxışlarda qeyd olunub ki, “Fənlərin tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində çalışmış professor elmi fəaliyyətində əldə etdiyi mühüm nailiyyətlərə görə 2007-ci ildə “İlin alimi” fəxri adına layiq görülüb. Bununla yanaşı, Elbəyi Maqsudov, həmin ildə təhsil sahəsindəki səmərəli və uzunmüddətli xidmətlərinə görə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə də təltif edilib.

Daha sonra “Azərbaycan dilçiliyi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əsədullasoy və “Azərbaycan ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova alimin zəngin elmi və bədii yaradıcılığından bəhs ediblər. Nəzərə çatdırılıb ki, pedaqoqun “Poetik-praktik Azərbaycan dili” kitabı dövlət dilinin tətbiqi baxımından poetik dillə yazılmış ilk fundamental əsər kimi məktəblilər, abituriyentlər və müəllimlər üçün əvəzedilməz mənbədir.

Vurğulanıb ki, görkəmli dilçi alim, metodist və pedaqoq-şair kimi tanınan Elbəyi Maqsudovun zəngin elmi irsi və əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində daim yaşayacaq.

Mərhum alimin qızı Nigar Babayeva tədbir iştirakçılarına göstərilən diqqət və qayğıya görə minnətdarlğını ifadə edib.

Tədbirin sonunda Elbəyi Maqsudovun nəvəsi Zinyət Abdulayeva şeir səsləndirib, xatirə şəkli çəkdirilib.

Badəm Əliyeva

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi