Naxçıvan Dövlət Universitetinin “Mühasibat və maliyyə” kafedrasının müdiri, professor Teymur Abbasovun “Məsuliyyət mərkəzləri və seqmentar hesabat” adlı dərs vəsaiti təqdim olunub.
Tədbirdə universitetin rektoru Elbrus İsayev bildirib ki, universitetdə müxtəlif istiqamətlər üzrə dərs vəsaitləri, dərslik və monoqrafiyaların təqdimatı artıq ənənəyə çevrilib. Rektor vurğulayıb ki, elmi nəşrlərin artması ali təhsil müəssisəsinin elmi strategiyasının əsas tələblərindəndir. Elbrus İsayev yeni dərs vəsaitinin seçmə fənn kimi təklif edilməsini tövsiyə edib, müəllifə elmi fəaliyyətində uğurlar arzulayıb. Rektor həmçinin İqtisadiyyat və idarəetmə fakültəsində “Araşdırmalar Mərkəzi”nin yaradılmasının planlaşdırıldığını qeyd edib. Bu mərkəzdə tələbələr və tədqiqatçılar araşdırmalar aparacaq, tədqiqatyönümlü dərslərin keçirilməsi isə dərs keyfiyyətinə müsbət təsir göstərəcək.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov qeyd edib ki, fakültədə tədris olunan ixtisaslarda dərslik və dərs vəsaitlərinin çoxluğu tələbələrin elmi bilik və analitik bacarıqlarının inkişafına əhəmiyyətli təsir göstərir. Dekan vurğulayıb ki, məsuliyyət mərkəzlərinin səmərəli təşkili və idarəetməsi biznes mühitində mühüm rol oynayır və bu mövzuda yerli elmi araşdırmaların aparılması ölkə iqtisadiyyatı üçün böyük aktuallıq daşıyır.
Təqdimatda Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru Rəsul Balayev, NDU-nun “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri Cavadxan Qasımov, Azərbaycan Dövlət İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, NDU-nun “İqtisadiyyat və marketinq” kafedrasının müdiri Eltun İbrahimov çıxış edərək dərs vəsaiti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, beş fəsildən ibarət dərs vəsaitində məsuliyyət mərkəzləri və seqmentar hesabatın nəzəri əsasları, məsrəflərin maliyyələşdirilməsi, bazar iqtisadiyyatında transfer qiymətlərinin formalaşması, xərc, gəlir, mənfəət və investisiya mərkəzləri geniş şəkildə izah olunur. Kitab bakalavr, magistr, doktorantlar, eləcə də mühasiblər, iqtisadçılar, menecerlər, maliyyəçilər və auditorlar üçün nəzərdə tutulub.
Sonda müəllif Teymur Abbasov universitetdə elmi mühitin inkişafı üçün yaradılan şəraitə görə təşəkkür edib və bu istiqamətdə fəaliyyətinə davam edəcəyini bildirib.
Fəxriyyə Səyyadova
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı