NDU-da "Şəhərsalma və Memarlıq İli" və WUF13-ə həsr olunmuş “Silk Road IoT Hackathon 2026” hakatonu baş tutub

21.04.2026

NDU-da "Şəhərsalma və Memarlıq İli" və WUF13-ə həsr olunmuş “Silk Road IoT Hackathon 2026” hakatonu baş tutub

          Naxçıvan Dövlət Universitetində “Silk Road IoT Hackathon 2026” innovasiya yönümlü müsabiqəsi uğurla yekunlaşıb. İpək Yolu konsepti çərçivəsində təşkil olunan hakaton nəqliyyat, logistika və şəhər infrastrukturu sahələrində innovativ texnoloji həllərin hazırlanmasına yönəlmiş 2 günlük intensiv proqram kimi yadda qalıb.

          Tədbir müddətində iştirakçı komandalar müxtəlif istiqamətlər üzrə layihələr işləyərək ağıllı nəqliyyat sistemləri, yol hərəkətinin idarəolunması, logistika və yük izləmə texnologiyaları, energy & environment üzrə IoT həlləri, eləcə də smart city və infrastruktur texnologiyaları sahələrində funksional IoT prototiplər hazırlayıblar.

          Hazırlanan layihələr real işlək prototiplər formasında təqdim olunub və münsiflər qarşısında canlı demo ilə nümayiş etdirilib. Bu isə iştirakçıların yalnız ideya deyil, eyni zamanda tətbiq oluna bilən texnoloji məhsullar ortaya qoyma bacarığını göstərib.

          9 komanda və 40-dan çox tələbənin iştirak etdiyi hakatonun nəticələrinə əsasən pik vaxtlarda işıqforlar vasitəsilə yol hərəkəti qaydalarında dəyişiklik edərək şəhər daxili sıxlığın və tıxacların qarşısının alınması məqsədilə hazırlanmış layihə ilə SolutionSquad I yerə, aqrar sahədə torpağın şumlanması, suvarılması və əkilməsi prosesini daha səmərəli formada həyata keçirən maşın prototipi ilə Stevee komandası II yerə, metropoliten sistemi üçün sərnişinlərin datalarını ölçən və qatarların hərəkətini həmin datalara görə yönləndirən layihə ilə çıxış edən Redemy komandası isə III yerə layiq görülüb.

          “Silk Road IoT Hackathon 2026” tələbələrin innovativ düşüncə bacarıqlarının inkişafına, komanda işinin gücləndirilməsinə və real problemlərə texnoloji yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətlidir.