21–22 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində “Startup School Naxçıvan” layihəsi çərçivəsində təlim və mentorluq proqramı təşkil olunub. İki gün davam edən proqram çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə innovasiya və sahibkarlıq istiqamətində xüsusi təlimlər keçirilib.
Proqramın ilk günü – 21 aprel tarixində NDU tələbələri üçün startapların formalaşdırılması və inkişafı ilə bağlı praktiki təlimlər təşkil olunub. 22 aprel tarixində isə universitetin professor-müəllim heyəti üçün “Elmin kommersiyalaşdırılması: startapların formalaşdırılması və inkişafı” mövzusunda təlim keçirilib. Təlimlər zamanı iştirakçılara innovativ ideyaların biznes layihələrinə çevrilməsi, bazar yönümlü yanaşma və startap ekosisteminin tələb və gözləntilərinə cavab verən metod və texnikalar öyrədilib. Xüsusilə, professor-müəllim heyətinə keçirilən təlimlərdə akademik sahibkarlığın formalaşdırılmasının metorologiyaları işlənib və praktiki nümunələr əsasında iştirakçılarla iş aparılıb.
Bildirilib ki, təlim və mentorluq xidmətlərinin növbəti mərhələdə onlayn formatda davam etdirilməsi nəzərdə tutulur. Bu mərhələdə iştirakçıların startap ideyalarının daha da inkişaf etdirilməsi və onların praktik tətbiq imkanlarının genişləndirilməsi istiqamətində dəstək göstəriləcək.
Qeyd edək ki, “Startup School Naxçıvan” layihəsi “Startup School 4: 5 Continents – 500 Startups” proqramı çərçivəsində həyata keçirilərək regionda startap ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir. Layihə çərçivəsində formalaşdırılan perspektivli startapların beynəlxalq proqramlara inteqrasiyası üçün də imkanlar yaradılır.




