NDU-da “Təhsildə keyfiyyətin dayanıqlı inkişaf konsepsiyası: Universitet–Məktəb modeli kontekstində” elmi-praktik tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Strateji İnkişaf və Keyfiyyət təminatı şöbəsinin təşkilatçılığı ilə, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan elmi-praktik tədbir baş tutub. Görüşdə “Kimya” kafedrasının müəllim və tələbələri, Naxçıvan şəhəri İslam Səfərli adına 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədov universitet-məktəb modeli çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq, Yusif Məmmədəliyevin irsinin tələbə və şagirdlərə düzgün təqdim edilməsinin vacibliyini qeyd edib.

Strateji İnkişaf və Keyfiyyət təminatı şöbəsinin müdiri Sevinc Kərimova bildirib ki, təhsildə dayanıqlı keyfiyyətin əsası məktəbdə qoyulur. Şagirdlərin bu tədbirlərə cəlb olunması analitik düşüncə və araşdırma bacarıqlarını inkişafı etdirir və dayanıqlı inkişaf konsepsiyasının əsas tələblərindəndir. Vurğulayıb ki, universitet–məktəb əməkdaşlığı təhsildə keyfiyyət üçün səmərəli praktiki modeldir və regionda elmi mədəniyyətin inkişafına mühüm töhfə verir. Sevinc Kərimova qeyd edib ki, şagirdlərin universitet mühitinə cəlb olunması və elmi fəaliyyətə yönləndirilməsi NDU-nun əsas prioritetlərindəndir.

Tədbirdə məktəbin direktoru Asudə Məmmədova, “Kimya” kafedrasının müdiri Şəmil Mahmudov, müəllimlər – dosent Qızıllı Əliyeva və Tacirə Zülfüqarova, Yusif Məmmədəliyev adına təqaüdçü, Kimya müəllimliyi ixtisası tələbəsi Leyla Babazadə çıxış ediblər. Natiqlər alimin həyatı, elmi fəaliyyəti və kimya elminə verdiyi töhfələrdən danışıblar.

Vurğulanıb ki, universitet-məktəb əməkdaşlığı layihə olmaqla yanaşı, keyfiyyət idarəetməsinin effektiv alətidir. Bu əməkdaşlıq şagirdlərdə elmi marağı artırır, universitetə keçidi asanlaşdırır və gələcək tələbə profilinin daha səriştəli formalaşmasına şərait yaradır.

Tədbirdə şagirdlərin hazırladıqları “Elementlərin söhbəti”, “Atomun hekayəsi”, “Kimyəvi düstur”, “Etanolun məhkəməsi” kimi səhnəciklər nümayiş olunub.

Sonda məktəb kollektivi kimya laboratoriyalarında yaradılan şəraitlə yaxından tanış olublar.  

Fəxriyyə Səyyadova

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı