Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin dekan müavini, biologiya elmləri doktoru, dosent Ənvər İbrahimov və “Stomatologiya” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərovun 60 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev yubilyarların universitetin elmi-pedaqoji həyatında səmərəli fəaliyyət göstərdiklərini qeyd edib. Bildirib ki, hər iki əməkdaşımız uzun illərdir universitetdə gənc mütəxəssislərin hazırlanmasına mühüm töhfələr verərək elmin və təhsilin inkişafında fəal rol oynayırlar. Rektor yubilyarları 60 illik yubileyləri münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanını təqdim edib.
Tibb fakültəsinin dekan əvəzi Şəfiqə Süleymanova çıxış edərək Rauf Cəfərovun elmi və pedaqoji fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, tibb üzrə fəlsəfə doktoru, əməkdar müəllim Rauf Cəfərov həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
“Əczaçılıq və biokimya” kafedrasının müdiri Surə Rəhimova isə Ənvər İbrahimovun həyat yolu, elmi araşdırmaları və universitetdəki pedaqoji fəaliyyətindən söz açıb.
Elm və innovasiyalar üzrə prorektor Elsevər Əsədov çıxışında hər iki yubilyar universitetdə elmi mühitin formalaşmasına və tələbələrin ixtisaslı kadr kimi yetişməsinə göstərdikləri xidmətləri xüsusi qeyd edib.
Tədbirdə həmçinin “Klinik fənlər və hərbi tibb” kafedrasının müdiri Gültəkin Əliyeva, həmin kafedranın professoru, tibb elmləri doktoru İsa Abdullayev və digər çıxışçılar yubilyarların elm və təhsil sahəsində fəaliyyətini yüksək qiymətləndirib, onların zəngin pedaqoji təcrübəsindən bəhs ediblər.
Daha sonra yubileyi qeyd olunan əməkdaşların həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunub, onlara müxtəlif hədiyyələr təqdim edilib.
Sonda Ənvər İbrahimov və Rauf Cəfərov göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və fakültə kollektivinə minnətdarlıqlarını bildiriblər.
Badəm Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqəlr şöbəsi
2.jpg)
.jpg)


