Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Azərbaycan Respublikasının Əməkdar artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, "Musiqi təlimi kafedrası"nın baş müəllimi Zeynalabdın Babayevin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş solo konserti təşkil edilib.
Tədbirdə Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini əks etdirən müxtəlif musiqi nümunələri səsləndirilib. Konsert proqramına bəstəkarın “II fantaziyası”, “Koroğlu” operasından rəqs, “Leyli və Məcnun” operasından Məcnunun atasının ariyası daxil edilib. Bununla yanaşı, Niyazinin “Arzu” romansı, Antonin Dvorjakın “Slavyan rəqsləri”ndən VIII nömrə, Cahangir Cahangirovun “Ana” vokal əsəri, Fikrət Əmirovun “Min bir gecə” baletindən rəqs və digər musiqi nömrələri ifa olunub.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli Azərbaycan professional musiqi məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi olmaqla yanaşı, milli musiqi irsinin elmi əsaslarla inkişafında mühüm rol oynayıb. Onun yaradıcılığı milli musiqi düşüncəsini klassik Avropa musiqi ənənələri ilə vəhdətdə təqdim etməklə Azərbaycan mədəniyyətini dünya miqyasında tanıdıb. Bəstəkarın əsərləri bu gün də aktuallığını qoruyaraq nəsillər arasında musiqi körpüsü rolunu oynayır.
Tədbirin sonunda İncəsənət fakültəsinin müəllimi, Prezidentin fərdi təqaüdçüsü, görkəmli tarzən Əkrəm Məmmədli çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində müstəsna rolunu vurğulayıb, Zeynalabdın Babayevi yüksək peşəkarlıqla təqdim etdiyi konsert proqramı münasibətilə təbrik edib və yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov isə çıxışında Üzeyir Hacıbəyli irsinin təbliğinin gənc nəslin milli musiqi dəyərlərinə bağlılığının formalaşmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bu cür tədbirlərin universitetin mədəni həyatında mühüm yer tutduğunu bildirib və konsertin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Sonda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin təbriki çatdırılıb və Zeynalabdın Babayevə universitet rəhbərliyi adından təşəkkürnamə təqdim olunub. Rektorun təbrikində Üzeyir Hacıbəyli irsinin yaşadılması, klassik musiqinin tədrisi və təbliği istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Qeyd edək ki, konsert proqramını fortepianoda Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin müəllimi Zinyət Məmmədzadə müşayiət edib.
Aidə İbrahimova
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı


