Naxçıvan Dövlət Universitetinin nəzdində Beynəlxalq Kembric Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təntənəli tədbir təşkil olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəyliyin rəmzi olduğunu vurğulayıb. Rektor Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı zəfərin bu birliyin və xalq-dövlət həmrəyliyinin parlaq nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, zəfərdən sonra ölkədə bütün sahələrdə olduğu kimi, təhsil sektorunda da yeni inkişaf mərhələsi başlanıb. Elbrus İsayev bildirib ki, Naxçıvan Muxtar Respublikasında NDU-nun nəzdində Beynəlxalq Kembric Məktəbinin fəaliyyət göstərməsi regionların inkişafına yönəlmiş dövlət siyasətinin bariz göstəricisidir. Paytaxtdan kənarda beynəlxalq təhsil standartlarına cavab verən belə bir məktəbin yaradılması muxtar respublikanın intellektual potensialının gücləndirilməsinə xidmət edir. Bildirilib ki, bu təhsil müəssisəsi şagirdlərin beynəlxalq səviyyəli təhsilə çıxış imkanlarını genişləndirir və onların gələcəkdə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaları üçün möhkəm akademik baza formalaşdırır. Rektor vurğulayıb ki, NDU-nun nəzdində Beynəlxalq Kembric Məktəbi yalnız orta təhsil müəssisəsi deyil, eyni zamanda muxtar respublikada innovativ düşüncənin, elmi marağın və yaradıcı yanaşmanın formalaşdığı mühüm akademik mərkəzdir. Qarşıdakı dövrdə məktəbin maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, xarici mütəxəssislərin tədris prosesinə cəlb olunması və akademik mühitin beynəlxalq platformalara inteqrasiyası əsas hədəflər kimi müəyyənləşdirilib.
Tədbirdə məktəbin direktoru Bayram Əliyev çıxışında Kembric Məktəbinin təhsil strategiyasından, şagirdlərin akademik göstəricilərindən və əldə olunan nailiyyətlərindən danışıb. O, valideynlərin təhsil prosesində fəal iştirakının bu uğurların davamlılığında mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, məktəbdə keçirilən bayram və bədii proqramlar şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılmasına, həmçinin onların sosial və mənəvi inkişafına mühüm töhfə verir.
Məktəbin akademik koordinatoru Fabian Chavez beynəlxalq təhsil proqramlarının tətbiqinin şagirdlərin tənqidi düşüncə, ünsiyyət və dil bacarıqlarının inkişafına mühüm töhfə verdiyini bildirib.
Rəsmi hissədən sonra tədbir zəngin bədii proqramla davam edib. Məktəbin musiqi müəllimi Samirə Turan tərəfindən yaradılmış xor kollektivi Azərbaycan və ingilis dillərində ifa etdiyi mahnılarla tamaşaçıların böyük rəğbətini qazanıb. Valideynlərin fəal iştirakı tədbirə xüsusi səmimiyyət qatıb.
Daha sonra məktəbin VII sinif şagirdi Şəms İsayeva Lüdviq van Bethovenin “Eliza üçün” əsərini fortepianoda ifa edib. VI–VII sinif şagirdlərinin alman dilində xor çıxışları proqramı zənginləşdirib.
Məktəbdə VII sinif şagirdləri arasında keçirilmiş şahmat yarışında qalib olan iştirakçılara diplomlar təqdim olunub.
Tədbirin davamında II sinif şagirdlərinin ifasında “Jingle Bells”, xarici rəqs nümunələri, eləcə də I və II sinif şagirdlərinin ardıcıl şən rəqs nömrələri nümayiş etdirilib.
Bayram proqramının sonunda səhnəyə Şaxta baba dəvət olunub, şagirdlərə hədiyyələr təqdim edilib. Tədbir yüksək əhvali-ruhiyyə ilə yekunlaşıb.
Aidə İbrahimova
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı


