NDU-nun Elmi Kitabxanasında elmi nəşrlərin təqdimatına həsr olunan tədbir keçirilib

28.04.2026

NDU-nun Elmi Kitabxanasında elmi nəşrlərin təqdimatına həsr olunan tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “İngilis dili və tərcümə” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sərcan Sadıqovanın müəllifi olduğu “İngilis dilində say tərkibli frazeoloji birləşmələr: struktur və mədəni aspektlər” adlı monoqrafiya və “İngiliscə-azərbaycanca say tərkibli frazeoloji birləşmələr” adlı metodik vəsaitin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Tədris departamentinin direktoru Şahin Əliyev universitet əməkdaşlarının müəllifi olduğu əsərlərin, metodikaların tədris prosesinə cəlb olunmasını təhsilin keyfiyyətinin artırılması baxımından yüksək qiymətləndirib. Qeyd olunub ki, Xarici dillər fakültəsində dillərin mənimsənilməsi prosesi müasir metodologiyalar, elmi yanaşmalar və intensiv tədris proqramları əsasında həyata keçirilir.

Daha sonra Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Məmmədova, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov, “Tərcümə Mərkəzi”nin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva, “İngilis dili və metodika” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Cavid Babayev və digər çıxışçılar təqdimatı keçirilən kitabların elmi dəyəri haqqında danışıb və oxuculara çatdırdığı əsas ideyalar haqqında fikirlərini bölüşüblər.

Sonda çıxış edən müəllif Sərcan Sadıqova universitet rəhbərliyinə və təqdimat təşkilatçılarına öz minnətdarlığını bildirib.