NDU-nun Elmi Kitabxanasında “Şanlı Zəfərin sədası” adlı şeir müsabiqəsinə start verilib

Oktyabrın 10-da Naxçıvan Dövlət Universitetində ali təhsil ocağının Elmi Kitabxanasının və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Şanlı Zəfərin sədası” adlı şeir müsabiqəsinə start verilib.    

NDU-nun Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova qeyd edib ki, keçirilən şeir müsabiqəsi gələcəyimiz olan gənclərə Vətən sevgisini aşılamaq və xüsusi istedada malik olan gəncləri aşkar etmək baxımından xüsusi önəm kəsb edir. Çünki bu il ölkəmiz 5 ildir ki, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının sevincini yaşayır. Həmçinin müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun 30-cu ildönümünü qeyd edir. Bu çərçivədə keçirilən müsabiqə də Ümummilli Lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu dövlətçilik ənənələrini, bu siyasi irsi davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərimizi yaşatmaq məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova çıxış edərək Naxçıvan Dövlət Universitetində ənənəvi şəkildə təşkil olunan bu cür tədbirlərin gənc nəslin vətənpərvər ruhda formalaşadırılmasındakı əhəmiyyətindən söz açıb, ali təhsil ocağında keçirilən tədbirlərdə şəhid ailələri və qazilərin də hər zaman diqqətdə saxlanldığını vurğulayıb.

NDU Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə isə çıxışında müsabiqənin tələblərindən danışıb. Bildirib ki, Zəfərimizə həsr olunan müsabiqədə tələbələrin müraciət sayının çox olması tələbələrin Vətən sevgisindən, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna, eləcə də qəhrəman qazilərimizə hörmətin ifadəsidir.

Sonra münsiflər heyəti ilə tanışlıq olub və iştirakçılar Zəfərimizi özündə ehtiva edən şeirlər səsləndiriblər.

Qeyd edək ki, müsabiqədə Naxçıvan Dövlət Universitetinin tələbələri ilə yanaşı, NDU-nun nəzdində fəaliyyət göstərən üç orta ixtisas təhsil müəssisəsinin – Musiqi Kollecinin, Tibb Kollecinin və Texniki Kollecin tələbələri də iştirak edirlər. Yekunda qaliblərə diplom və  təşəkkürnamələr təqdim olunacaq.

 

                                                                                  Aidə İbrahimova 

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı