Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Elsəvər Əsədov 15-16aprel tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə İsmayıllı şəhərində ali təhsil müəssisələrinin prorektorları üçün keçirilən təlimdə olub.
Təlim çərçivəsində ali təhsil müəssisələrinin idarə olunması və Elmi Şuraların fəaliyyəti, tədrisin təşkili və keyfiyyət təminatı, təcrübənin təşkili istiqamətləri üzrə təqdimatlar edilib və müzakirələr aparılıb.
Təlim proqramının əsas məqsədi ali təhsil müəssisələrinin rəhbər şəxslərinin idarəetmə bacarıqlarının artırılması, elmi əməkdaşlıq və ali təhsilin beynəlmiləlləşməsi sahələrində səriştələrinin inkişaf etdirilməsidir. Ümumilikdə, proqram çərçivəsində 5 əsas istiqamət üzrə 40-dan artıq mövzunun təhlili nəzərdə tutulub.
Qeyd edək ki, təlimdə ölkənin 7 regionunu təmsil edən 19 ali təhsil müəssisəsinin prorektoru və 4 orta ixtisas təhsili müəssisəsinin direktoru iştirak edib.




