NDU-nun rektoru “Bədii yaradıcılıq müsabiqə-festivalı”nda iştirak edəcək münsiflər heyəti ilə görüşüb  

11.04.2026

NDU-nun rektoru “Bədii yaradıcılıq müsabiqə-festivalı”nda iştirak edəcək münsiflər heyəti ilə görüşüb   

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı”nda iştirak edəcək münsiflər heyətini qəbul edib.

Rektor festival çərçivəsində universitetdə olan qonaqları səmimi salamlayaraq onların iştirakını yüksək qiymətləndirib.

Görüşdə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin, Muğam sənəti kafedrasının dosenti, Xalq artisti Gülyanaq Məmmədova, Qarabağ Universitetinin İncəsənət fakültəsinin ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli və digər nümayəndələr iştirak ediblər.

Rektor Elbrus İsayev qeyd edib ki, “Bədii yaradıcılıq müsabiqə-festivalı” artıq universitetdə ənənəvi tədbirlərdən birinə çevrilib. Rektor belə layihələrin tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasında və milli-mədəni dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, ali təhsil müəssisəsində keçirilən bütün mədəni-kütləvi tədbirlərdə milli dəyərlər əsas prioritet kimi götürülür.

Qeyd edək ki, “Bədii yaradıcılıq müsabiqə-festivalı” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Naxçıvan Dövlət Universiteti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Badəm Əliyeva

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi