14 oktyabr tarixində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2025-2026-ci tədris ilində magistrant adını qazanmış təhsilalanlar ilə görüş keçirib.
Görüşdə rektor Elbrus İsayev qeyd edib ki, bu il ali təhsil ocağında 54 ixtisaslaşma üzrə magistraturaya 209 nəfər magistrant qəbul olub. Universitetdə akademik fəaliyyətin inkişafı üçün yaradılan şəraitdən bəhs edən rektor, magsitrantlara EBSCO, Clarivate, Taylor Francis kimi beynəlxalq elmi bazalara çıxış imkanı olan Elmi Kitabxanadan, müasir tədqiqatlara inteqrasiya üçün ingilis dilini mükəmməl səviyyədə mənimsəmə imkanı verən IELTS Qeydiyyat və İmtahan Mərkəzindən, əcnəbi alimlərin tədrisə cəlbi və tələbə mobilliyi kimi mövcud imkanlardan yararlanmağı diqqətə çatdırıb.
Rektor ixtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm önəm daşıdığını, magistratura səviyyəsini bitirən məzunlardan təhsil sahəsinə innovativ yanaşmalar gətirəcəklərinə dair gözləntilərin olduğunu qeyd edib. Bu çərçivədə ilkin əsas məqsədin magistrantların araşdırma, təhlil, yenilikçi yanamşa keyfiyyətlərini artırmaq, dissertasiya işlərinə özünəməxsus və ciddi hazırlaşmalarının vacibliyi vurğulanıb. Bildirilib ki, hər bir tələbə mövzusunu elmi və praktik əhəmiyyət kəsb edən aspektlər üzərində qurmalıdır, çünki bu elmi-tədqiqat işləri universitetin akademik səviyyəsini əks etdirən əsas göstəricilərdən biridir. Elbrus İsayev tədrisin keyfiyyətinin artırılması məqsədilə magistrantların və elmi rəhbərlərin üzərinə düşən vəzifələrdən də söz açaraq, yekunda tədrisin keyfiyyətini yüksəltməyə yönəlmiş təqdimatların ərsəyə gəlməsinin şərt olduğunu qeyd edib.
Universitetin Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev çıxış edərək bildirib ki, magistratura səviyyəsində təhsil proqramları yenilənib və bu il I kurs magistrantlar yeni tədris proqramı ilə dərslərə başlayıb. Bu isə onlarin elmi tədqiqat istiqamətində daha yeni səriştələr əldə etməsinə imkan yaradır.
Tədbirin sonunda magistrantları maraqlandıran suallar cavablandırılıb, onların irəli sürdüyü təkliflərin nəzərə alınması üçün tapşırıqlar verilib.