NDU-nun rektoru Elbrus İsayev “Milli Musiqi Günü” münasibətilə İncəsənət fakültəsinin müəllim və tələbələri ilə görüşüb

Görüşdə Universitetin rektoru Elbrus İsayev “Milli Musiqi Günü” münasibəti ilə iştirakçıları təbrik edərək bildirib ki, 18 sentyabr Azərbaycan musiqi mədəniyyətinin ən xüsusi və əlamətdar günlərindən biridir. Bu gün həm də dahi bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 3 fevral tarixli sərəncamı ilə bəstəkarın anadan olmasının 140 illiyi ölkə üzrə yüksək səviyyədə qeyd olunur. Bu münasibətlə ali təhsil ocağında ilin sonunadək geniş konsert proqramlarının keçirilməsi nəzərdə tutulur.

Elbrus İsayev vurğulayıb ki, NDU-nun Konservatoriyasında tədrisin keyfiyyətinin yüksəldilməsi daim diqqətdə saxlanılır, mütəmadi olaraq müəllim və tələbələrin iştirakı ilə konsertlərin təşkili, musiqi mədəniyyətinə töhfə verən tanınmış şəxslərin universitetə dəvəti ənənəvi xarakter daşıyır. Eləcə də tələbələrin fəallığı izlənilir, bu istiqamətdə gələcəkdə təhsil uğurları ilə fərqlənən tələbələrə xüsusi təqaüdlərin təsis olunması da nəzərdə tutulur. Beləliklə gənclərin həm musiqi, həm də ümumi yaradıcılıq fəaliyyəti dəstəklənir və stimul verilir.

Tədbirin sonunda 18 sentyabr “Milli Musiqi Günü” münasibətilə Naxçıvan Dövlət Universitetində musiqinin, mədəniyyətin inkişafında göstərdiyi xidmətlərə görə İncəsənət fakültəsinin müəllim və tələbələrinə təşəkkürnamələr təqdim edilib.

 

Fəxriyyə Səyyadova

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı