
16-19 oktyabr 2025-ci il tarixdə Şimali Kipr Türk Cümhuriyyətində Türkdilli Dövlətlərin I Beynəlxalq Tibb Konqresi (TÜRKTIP2025) keçirilib. Konqres türkdilli dövlətlərin mütəxəssislərinin tibb sahəsindəki təcrübələrin paylaşılması, qurumlar arasında əlaqələrin artırılması məqsədli təşkil olunub.
Türkiyə Cümhuriyyətinin Səhiyyə naziri, professor Kemal Memişoğlu, KKTC Səhiyyə naziri doktor Kemalettin Dinçyürek və universitet rektorlarının iştirakı ilə keçirilən konqresdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, KKTC ilə yanaşı bir sıra başqa dövlətlərin tibbi kadr hazırlayan təhsil müəssisələri, dərnək və cəmiyyətləri təmsil olunub.
Dörd gün davam edən konqresdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və nümayəndə heyəti də iştirak edib. Elbrus İsayev Konqresin açılış tədbirində və panel müzakirələrində çıxış edib.
Rektor Konqresin açılış tədbirində bildirib ki, tibbi kadr hazırlayan elm və təhsil müəssisələri içərisində Türkdilli dövlətlərin universitetləri, dərnək və cəmiyyətləri ilk dəfə 2022-ci ildə Naxçıvan Dövlət Universitetində təsis edilən, Naxçıvanda keçirilən I Tibbi forumda bir araya gəlib. Bu təşəbbüs xüsusilə türkdilli dövlətlərin tibb mütəxəssislərinin bir araya gəlməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Naxçıvandan başlayan bu birlik sonradan Türkiyənin İstanbul şəhərində Yeditəpə Universitetində keçirilən II və 2025-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən III Tibbi forumla davam etdirilib. Nəticədə bu tipli platformalar bütün türkdilli dövlətlərdən olan mütəxəssislərin belə tədbirlərdə həvəslə iştirakı üçün zəmin yaradıb.
Panel müzakirədə çıxış edən Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının Tibb fakültəsinin Türk Dövlətləri universitetləri, xüsusilə qardaş Türkiyə Cümhuriyyəti universitetləri və xəstəxanaları ilə qurulan nümunəvi əməkdaşlıq əlaqələrindən bəhs edib. Rektor tələbə mobilliyi və ikili diplom proqramlarının tətbiqi baxımından Türkdilli dövlətlərin universitetlərində vahid tibb tədris proqramlarının tətbiq edilməsi, ortaq elmi tədqiqat qruplarının yaradılması, Türk Dövlətləri Universitetləri adından yüksək impakt faktorlu ortaq tibb jurnalının təsis edilməsi təkliflərini səsləndirib.
Qeyd edək ki, Konqres çərçivəsində Türk dünyasının müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan olan alimlərin məruzələri dinlənilib, ortaq fəaliyyətlərin təşkili yönündə fikirlər bölüşülüb.

