NDU-nun şəhid məzunu Bəşir Mehdiyevin xatirəsi əbədiləşdirilib

06.04.2026

NDU-nun şəhid məzunu Bəşir Mehdiyevin xatirəsi əbədiləşdirilib

          Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində şəhid leytenant Bəşir Mehdiyev adına hərbi kabinənin açılış mərasimi keçirilib. Tədbirdə universitetin rektoru Elbrus İsayev, professor-müəllim heyəti və şəhidin ailə üzvləri iştirak ediblər.

Rektor Elbrus İsayev çıxışında şəhidlərin döyüş yolunun gənclərə örnək olduğunu, əsl dərsin onların qəhrəmanlıq hekayələrindən öyrənildiyini vurğulayıb. Bildirib ki, universitetin hər iki Qarabağ müharibəsində iştirak etmiş şəhid məzunlarının xatirəsi təhsil aldıqları fakültələrdə əbədiləşdirilib.

Qeyd olunub ki, NDU-da hər yeni semestrin ilk dərsi şəhid ailələri tərəfindən keçirilir və bu ənənə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır.

Şəhid leytenant Bəşir Mehdiyevin valideynləri universitet rəhbərliyinə təşəkkür edərək bu təşəbbüsün onlar üçün böyük qürur mənbəyi olduğunu bildiriblər. Atası Yusif Mirzəyev universitetdə şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi qeyd edib.

Fakültə dekanları və digər çıxışçılar Bəşir Mehdiyevin nümunəvi tələbə olduğunu, yüksək əxlaqi keyfiyyətləri ilə seçildiyini vurğulayıblar.

Tədbirdə çıxış edənlər belə auditoriyaların gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.

NDU-nun “Texnologiya” ixtisası üzrə II kurs tələbəsi Aytəkin Əliyeva “Şəhidim” şeirini bədii qiraət edib.

Sonda xatirə fotosu çəkdirilib.