Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilən Təbii Ehtiyatlar İnstitutunun və ali təhsil ocağının Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kimyəvi elementlər ailəsinə regional baxış” treninqi keçirilib və 2025-ci ildə beynəlxalq müsabiqələrdə uğur qazanan tələbələr mükafatlandırılıb.
Təbii Ehtiyatlar İnstitutunun elmi katibi Qorxmaz Hüseynov çıxış edərək tədbirin mahiyyətindən danışıb. Bildirilib ki, tələbələrin tədqiqatlar aparması, müsabiqələrdə iştirakı olduqca əhəmiyyətlidir. Onlarda kimya elmi üzrə akademik işlərin hazırlanılmasına maraq artır, elmi baxımdan regionun təbii sərvətləri sistemli şəkildə araşdırılır və nəticədə tələbələr Naxçıvan Muxtar Respublikasının geoloji və təbii ehtiyatlarının kimyəvi tərkibini dərindən öyrənir.
Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, dosent Fizzə Məmmədova “Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatlarının əsas kimyəvi elementləri”, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva isə “Gündəlik həyatımızda kimya” mövzusunda çıxış ediblər. Natiqlər tərəfindən təqdim olun çıxışlarda Naxçıvanın zəngin yeraltı sərvətləri – mineral suları, süxurları və digər təbii ehtiyatlarının kimyəvi tərkibinə görə mühüm iqtisadi və ekoloji əhəmiyyətinə diqqət çəkilib, elmi biliklərin gündəlik həyatımıza təsiri nəzərə çatdırılıb.
Tədbir çərçivəsində tələbələr tərəfindən “Təbiət elmlərinin mübahisəsi” və “Muxtar Respublikada yayılmış kimyəvi elementlər ailəsinə eksklüziv baxış” mövzularında təqdimatlar edilib, günəş sistemi planetlərindən danışılıb.
Tədbirin sonunda tələbələrin STEM təcrübələrinə baxış olub və 2025-ci ildə iştirak etdikləri beynəlxalq müsabiqələrdə qazandıqları diplom, medal, kubok və sertifikatlar təqdim olunub. Qeyd edək ki, kubokların biri Fransanın Paris şəhərində, digəri isə İsveçrənin Lozanna şəhərində qazanılıb.