NDU TÜRKÜNİB-ə yeni üzv olaraq qəbul edilib

Oktyabrın 15-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Daşkənd Beynəlxalq Universitetinin ev sahibliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyasının iclası keçirilib.

Beynəlxalq tədbirdə türk dövlətlərində fəaliyyət göstərən 70-dən çox universitetin rektoru və rəhbər heyəti iştirak edib.

Assambleyanın 8-ci iclasında ümumilikdə 62 ali təhsil müəssisəsi, o cümlədən Azərbaycanın 13 universiteti TÜRKÜNİB-ə yeni üzv qəbul olunub.

Naxçıvan Dövlət Universiteti Birliyə üzv olaraq qəbul olunan 13 ali təhsil müəssisəsi sırasında yer alıb.

Tədbir çərçivəsində üzv universitetlər arasında elm və təhsil sahəsində proqramların uyğunlaşdırılması, tələbə və müəllim mübadilələrinin artırılması, eləcə də birgə akademik fəaliyyət, layihə və konfransların təşkili, həmçinin mədəniyyət, elm və idman sahələrində müsabiqələrin keçirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib. Baş Assambleyanın sessiyasında TÜRKÜNİB-in daimi katibliyinin və ORHUN mübadilə proqramı fondunun yaradılması təklif olunub.

Qeyd edək ki,  TÜRKÜNİB-ə qəbul olunan universitetlərin siyahısında ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Qarabağ Universiteti və Xəzər Universiteti də var.