18 sentyabr – “Milli Musiqi Günü” Naxçıvan Dövlət Universitetində zəngin və rəngarəng proqram ilə qeyd olunub.
Əvvəlcə İncəsənət fakültəsinin I və II kurs tələbələrinin ifasında fortopianoda yerli və xarici bəstəkarların musiqi nömrələri ifa edilib. “Rəngkarlıq”,“Təsviri sənət müəllimliyi” və “Dizayn” ixtisasında təhsil alan tələbələrin “Milli Musiqi Günü”nə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, eləcə də suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev giriş sözü ilə çıxış edərək, Azərbaycanın dahi bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq və pedoqoq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə təsadüf edən “Milli Musiqi Günü”ndən bəhs edib. Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb və bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Vurğulanıb ki, bu il həm də ona görə xüsusilə əlamətdardır ki, 2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Azərbaycan peşəkar musiqi sənətinin və milli opreanın banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 iliyi münasibətilə Sərəncam imzalayıb. Elbrus İsayev ölkədə ali təhsil müəssisələri arasında yeganə Konservatoriyası olan Universitet olaraq elmi musiqişünaslığın və musiqi təhsilinin əsasını qoyan, ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edən dahi bəstəkarın yaradıcılığını yaşatmağın qürur olduğunu qeyd edib. Rektor Naxçıvan Dövlət Universitetində Konservatoriyanın yaradılmasını Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu gün də davam edən dövlət qayğısının qarşısında ali təhsil ocağının qarşısında böyük məsuliyyətin dayandığını vurğulayıb. Hər zaman bu böyük etimadın doğruldulması üçün universitetin incəsənət kollektivlərinin səylə çalışmasının vacibliyi qeyd edilib. Rektor bu çərçivədə Naxçıvan Dövlət Universitetinin 150 nəfərdən ibarət “Simfonik orkestri”nin, “Qədim Xalq Çalğı Alətləri” Ansamblının, “Nəfəsli alətlər” orkestrinin və digər musiqi qruplarının muxtar respublika və ölkəmiqyaslı keçirilən tədbirlərdə yaddaqalan konsert proqramları ilə çıxış etdiklərini bildirib. Rektor Elbrus İsayev çıxışının sonunda musiqi ictimaiyyətini, Konservatoriyanın kollektivini və musiqisevərləri “Milli Musiqi Günü” münsaibətilə təbrik edib.
İncəsənət fakültəsinin Musiqinin Tarixi və Nəzəriyyəsi kafedrasının baş müəllimi Rumiyyə Məmmədova çıxış edərək, bu günün memarı, çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumatları diqqətdə çatdırıb.
Tədbir İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi nömrələrinin nümayişi ilə davam edib. Dahi bəstəkarın “Əsgərin mahnısı”, “Sevgili canan”, “Gülçöhrənin ariyası” və digər əsələrindən ibarət zəngin və yaddaqalan proqram təqdim olunub.