Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransının açılış mərasimi baş tutub

01.05.2026

Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransının açılış mərasimi baş tutub

Konfrans Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və AMEA Naxçıvan bölməsinin tərəfdaşlığı ilə keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bildirib ki, bu konfransın keçirilməsinin əsas məqsədi Azərbaycan dilinin müasir inkişaf mərhələsində qarşıya çıxan nəzəri və praktiki məsələlərin, eləcə də müasir tədqiqat nəticələrinin elmi müstəvidə müzakirəsini təşkil etmək, elmi fikir mübadiləsi aparmaq və tədqiqatçılar arasında yeni elmi əməkdaşlıqların formalaşdırılmasına şərait yaratmaqdır.

 Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı Fərmanına diqqət çəkən rektor bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən, görüləsi işlərdən danışıb.

Elbrus İsayev Azərbaycan dilinin tədrisində innovativ yanaşmaların tətbiq olunması, rəqəmsal resurslarda Ana dilindən istifadə ilə bağlı gənclərə yeni imkanlar yaradılması, Azərbaycan dilinin normalarını qoruyan mətnlər üzərində işləmək, ali və ümumtəhsil məktəbləri üçün yeni proqramlar ərsəyə gətirmək, yeni meyarlar üzərində qiymətləndirmə metodlarının aparılması kimi mühüm məsələlərə diqqət çəkib.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, əsrlər boyunca Azərbaycan dilinin formalaşdırılmasına böyük əmək sərf olunub. İsmayıl Hacıyev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunmasının Ulu Öndərin Ana dilimizə göstərdiyi qayğının bariz nümunəsi olduğunu bildirib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında bildirib ki,  bugünkü konfrans bizim keçmişimiz, gələcəyimiz, milli kimliyimiz baxımından xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif elm sahələrinin dilçiliklə bir araya gətirilərək araşdırılması elmlərarası əlaqəni gücləndirir, yeni tədqiqat imkanları yaradır. Rektor qeyd edib ki, Bakı Slavyan Universitetdə yaradılmış süni intellekt əsaslı dil laboratoriyası, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri vasitəsilə dilin həm akademik, həm də praktik səviyyədə öyrənilməsi təmin olunur.

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Ana dilinin tədrisi və elmi tədqiqi sahəsində görülən işlər milli kimliyin möhkəmləndirilməsində mühüm rol oynayır.

Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin “Dövlət dili strategiyasına elmin dəstəyi”, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, professor Zahid Məmmədovun “Dil iqtisadiyyatı: monetizasiya, strategiya və elmdə dil imperializmi”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEAnın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Azərbaycan mədəniyyəti-2040” konsepsiyasında dil və milli kimlik problemi mövzularında məruzələri dinlənilib.

Ardınca NDU-nun rektoru Elbrus İsayev tərəfindən konfransın ərsəyə gəlməsində əməyi olan məsul şəxslərə plaket və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, konfransın bölmə iclaslarında 2 gün ərzində 6 istiqamət üzrə 12 bölmədə 20 elm və təhsil müəssisələrindən 110 əməkdaşın 97 məruzəsi təqdim olunacaq.

Gülay Tahirli

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi