“Qərbi Azərbaycana qayıdış” III festival-konqresinə hazırlıq məsələləri müzakirə olunub

21.05.2026

“Qərbi Azərbaycana qayıdış” III festival-konqresinə hazırlıq məsələləri müzakirə olunub

          Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Elbrus İsayev “Qərbi Azərbaycana qayıdış” III festival-konqresinə hazırlıq və cari məsələlərə həsr olunmuş onlayn görüş keçirib. İclasda Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikasının rayonları üzrə nümayəndələri iştirak edib. 

Elbrus İsayev çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirlən sülhsevər siyasətin uğurlu nəticələrindən bəhs edib və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşması, həmçinin tarixi həqiqətlərin gənc nəslə təbliği istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, “Qərbi Azərbaycana qayıdış” III festival-konqresinin keçirilməsi Qərbi Azərbaycana məxsus zəngin milli və mədəni irsin, adət-ənənələrin unudulmamasına, tariximizin dərindən öyrənilməsinə və tədqiqinə xidmət edir. Bu məqsədlə rayonlar üzrə nümayəndələr üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, Qərbi Azərbaycandan olan soydaşlarımızla  sıx əlaqə qurmalı, onların adət-ənənələrini,  milli geyimlərini, folklorunu, tarixi sənədlərinin festivalda nümayiş etdirilməsi üçün hazırlıq işləri aparılmalıdır.

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikasının rayonları üzrə hər bir nümayəndə görülən işlər və qarşıda duran vəzifələr, həmçinin rayonlarda festival-konqresə hazırlığın vəziyyəti ilə bağlı məlumat verib və təkliflər müzakirə olunub.  

Sonda Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Elbrus İsayev festivalın yüksək səviyyədə keçirilməsi üçün tapşırıqlar verib. Rektor Ordubad rayonunda keçiriləcək festival-konqresdə hər bir rayon üçün xüsusi yerlərin ayrıldığını bildirib və rayonların ayrı-ayrılıqda öz təqdimatlarını nümayiş etdirməsi üçün tədbirlər planının hazırlanması istiqamətində qarşıda duran vəzifələrdən danışıb.

Qeyd edək ki, “Qərbi Azərbaycana qayıdış” III festival-konqresi iyun ayının 18-19-da Ordubad rayonunda  keçiriləcək.