24–25 fevral 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetinin İnnovasiya Mərkəzində “Qayıdışdan Gələcəyə: Ağıllı Şəhər Konsepsiyaları” adlı ideaton təşkil olunub.
Tədbir ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq ili” çərçivəsində, eləcə də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə bağlı aktual mövzulara uyğun olaraq həyata keçirilib. İdeatonun əsas məqsədi Qərbi Azərbaycan üçün müasir şəhərsalma və memarlıq yanaşmalarına əsaslanan ağıllı şəhər konsepsiyalarının hazırlanmasına gənclərin töhfəsini təmin etmək olub.
İdeaton çərçivəsində iştirakçılar komandalar şəklində çalışaraq konseptual layihələr hazırlayıb, ağıllı şəhər həlləri, dayanıqlı urbanizasiya modelləri və innovativ memarlıq yanaşmaları üzrə ideyalarını münsiflər heyətinə təqdim ediblər.
Müsabiqə şərtlərinə əsasən iştirakçılardan prototip tələb olunmayıb. Komandalar layihələrini 3D model, konsept xəritə, veb-sayt və ya təqdimat (slayd) formatında təqdim ediblər. Layihələrin qiymətləndirilməsi 5 meyar üzrə aparılıb.
Yekun nəticələrə əsasən, “Feed” komandası I yerə, “IT Girls” komandası II yerə, “Ener city” komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, ideaton gənclərin innovativ düşüncə bacarıqlarının inkişaf etdirilməsi, komanda işinin gücləndirilməsi, eləcə də dayanıqlı və müasir şəhərsalma modellərinin formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.
2.jpg)
.jpg)


