Smart City Challenge fikir marafonunda gələcəyin şəhəri formalaşıb

Naxçıvan Dövlət Universiteti İnnovasiya Mərkəzində tələbəyönümlü, innovativ “Smart City ChallengeIDEATONU keçirilib.

NDU Texnoloji transfer və innovasiyalar sektoru və Azərbaycan İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər mühitində mövcud problemlərin müəyyənləşdirilməsi, onların innovativ yanaşmalarla həllinə yönəlmiş yaradıcı ideyaların formalaşdırılması, həmçinin tələbələrdə analitik düşüncə, komanda işi və texnoloji bacarıqların inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub.Universitetdə innovasiya və sahibkarlıq ekosisteminin formalaşdırılmasını hədəfləyən müsabiqələr çərçivəsində təşkil olunan ikigünlük ideatona, müxtəlif ixtisaslar üzrə təhsil alan 70-dan çox tələbə müraciət edib, 10 komanda daxilində 41 tələbə tərəf müqabilləri ilə mübarizə aparıb.

İdeatonun birinci günü mentorların dəstəyi ilə tələbələr öz fikirlərini inkişaf etdirib əməkdaşlıq əlaqələri quraraq nəticəyönümlü layihələr ərsəyə gətirmək mövzusunda təlim keçiblər. Bu zaman tələbələrə iş və sahibkarlıq arasındakı fərqlər, ideyanı reallaşdırma vasitələri, təqdimat bacarıqları, marketinq və digər istiqamətlər üzrə bilgilər aşılanıb. Gənclər arasında sahibkarlığa olan marağı artırmaq, fikirləri yazıya köçürmək, iş-informasiya mübadiləsi aparmaq və düşüncəni əminliklə həyata keçirmək hədəflərini qarşıya qoyan mentorlar gün ərzində iştirakçıların iş prosesini izləyiblər.

İdeatonun ikinci günü innovativ və yaradıcı düşüncənin, həmçinin komanda birliyinin gücünü nümayiş etdirən iştirakçılar münsiflər heyəti qarşısında öz təqdimatları ilə birincilik uğrunda mübarizə aparıblar. İnnovasiya mədəniyyətini aşılayan texnoloji müsabiqədə gələcəyin lider sahibkarlarının qarşılaşa biləcəyi çətinliklər, imkanlar və fürsətlər təqdimatlara istinadən müzakirə olunub. İştirakçılar ağıllı şəhər ekosistemi üçün rəqəmsal xidmətlər, nəqliyyat və mobillik, enerji səmərəliliyi, ekoloji davamlılıq, şəhər infrastrukturu, ağıllı dayanacaq, ağıllı tibb məntəqəsi kimi sahələr üzrə yeni həll konseptləri hazırlayıblar.

Fərqli ideyalar üzərində aparılan yarışda innovasiyayönümlü layihələrə fokuslanmış “Gələcək şəhər”, “Unity”, “Dewayn”, “AI with Doctor”, “T4C”, “İnnovatika”, “City Guard”, “Soft Nova”, “Nova”, “InfraX” kimi komandaların rəqabətli mübarizəsi qaliblərin müəyyənləşdirilməsi ilə yekunlaşıb.

III yerin qalibi “T4C”, II yerin qalibi “InfraX”, I yerin qalibi isə “Soft Nova” komandası olub.

Qalib gələn komandalara diplomlar təqdim olunub, sonda xatirə şəkli çəkdirilib.