Tibb fakültəsi tələbələrinin klinik təcrübə prosesinə baxış keçirilib

21.05.2026

Tibb fakültəsi tələbələrinin  klinik təcrübə prosesinə baxış keçirilib

           Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, o cümlədən rektorluq əməkdaşları Tibb fakültəsi tələbələrinin klinik təcrübə prosesini izləyib, xəstəxanalarda təşkil olunan praktik dərslərdə iştirak ediblər. 

“Tibb” ixtisasının IV kurs tələbələri üçün keçirilən praktik məşğələlər müxtəlif tibb müəssisələrində təşkil olunub. Universitetin rektoru Elbrus İsayev təcrübə prosesində iştirak edərək tələbələrin praktiki hazırlıq səviyyəsi ilə maraqlanıb. 

Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Kardiologiya və Nevrologiya şöbələrində təcrübə keçən tələbələrin fəaliyyəti qiymətləndirilib. Acil şöbəsində təcrübədə olan tələbələr isə xəstənin vəziyyəti ilə bağlı məlumat təqdim ediblər. 

İngilis dilində tədris olunan “Tibb” ixtisasının tələbələri Travmatologiya şöbəsinə müraciət edən xarici vətəndaşla ünsiyyət quraraq müraciət səbəbini müəyyənləşdirib, uyğun diaqnoz qoyub və müalicə prosesinə başlayıblar.

III kurs üzrə təhsil alan Tibb SABAH qruplarının tələbələri Ə. Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında Ümumi cərrahiyyə-02 fənni üzrə praktik dərslərdə iştirak ediblər. Dərslər həm nəzəri, həm də praktiki formada keçirilib. IV kurs “Tibb” tələbələri isə xəstəxananın Cərrahiyyə şöbəsində praktik məşğələlərini davam etdiriblər. 

Digər qruplar isə müvafiq olaraq Y. Budaqov adına Psixi Dispanserdə, NMR Yoluxucu Xəstəliklər Mərkəzində, NMR İctimai Səhiyyə Birliyində, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində və NDU Xəstəxanasında müəyyən olunmuş fənlər üzrə praktik dərslərdə iştirak ediblər.

Rektor tələbələrlə ayrı-ayrılıqda görüşərək onların təcrübə prosesi ilə bağlı fikirlərini dinləyib, hər hansı çətinliyin olub-olmaması ilə maraqlanıb. Rektorluq əməkdaşları isə klinik təcrübə prosesini izləyərək tədrisin təşkili və tələbələrin praktiki biliklərinin tətbiqi səviyyəsini qiymətləndiriblər.

 

 Badəm Əliyeva

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsi