Türkiyəli professorlar NDU-da “Açıq mikrofon” layihəsi çərçivəsində Tibb fakültəsinin tələbələri ilə görüşüb

Naxçıvan Dövlət Universitetində yeni tədris ilinin ilk “Gələcəyin həkimi: Karyera və inkişaf” adlı “Açıq mikrofon” layihəsi keçirilib. Layihə çərçivəsində ali təhsil ocağının  qonaq professorları “Tibb” fakültəsinin tələbələri ilə görüşüb.

Görüş tibb ixtisasında təhsil alanların gələcək karyeralarını necə qurması,  inkişafa doğru nələrə diqqət etməsi, nəzəri bilgilərini və praktik təcrübələrini necə təkmilləşdirmələri, akademik uğurların qazanılmasında planlamanın düzgün ardıcıllıqla izlənilməsi yönündə məlumatlaması məqsədli təşkil olunub.  

NDU-nun strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərlinin moderatorluğunda keçən görüşdə vurğulanıb ki, universitetin Tibb fakültəsi 25 ildir tibbi profil üzrə kadr hazırlığı aparır və bu günədək 1000-dən çox məzunu olub. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da ali təhsil ocağının elm və tibb ocağı olaraq fəaliyyəti prioritet məsələlər sırasında yer alıb.  Bu məqsədlə NDU-da ali təhsilin keyfiyyətinin artırılması məqsədilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, birgə proqramların təşkil olunması, maddi texniki bazanın daha da möhkəmləndirilməsi, tibb təhsilinin inkişafı ilə bağlı yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsi tapşırıqları qeyd olunub. Bu tapşırıqlar çərçivəsində NDU-nun strateji hədəflər sırasında əcnəbi akademiklərin tədrisə cəlbi, sıx əməkdaşlıqların qurulması, xarici ali təhsil müəssisələrin alimlərinin fakültələr üzrə tədrisə cəlbi xüsusilə diqqətdə saxlanılır.

Rəcəb Cəfərli vurğulayıb ki, 2025-ci il NDU tarixində əcnəbi alimlərin tədrisə cəlbində say olaraq ən yüksək göstərici qeydə alınıb. 7 fakültə üzrə 31 xarici professor yeni tədris ilində ali təhsil ocağına dəvət olunub. Beləliklə ötən ildən də dəvətli əcnəbi alimlər ilə birgə 2025-2026-ci tədris ilində Naxçıvan Dövlət Universitetində 50 nəfər əcnəbi müəllim çalışacaq. Bu sırada xüsusilə Tibb fakültəsində tədrisə cəlb olunan qonaq alim sayı üstünlük təşkil edir. Rektor müşaviri məhz həmin alimlərdən dördünün “Açıq mikrofon” layihəsi çərçivəsində iştirakını qeyd edib, qonaq alimlərin peşəkar fəaliyyətlərinə dair ilkin məlumatları iştirakçıların diqqətinə çatdırıb. 

Sonra İstanbul Üniversitesi-Cerrahpaşanın professoru Tülin Öztürk və Sarper Erdoğan, Erciyes Universitetinin dosenti Gökhan Ünal, Ege Universitetinin dosenti Meliha Ekinci beynəlxalq təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb. Qonaq alimlər əczaçılıq, daxili xəstəliklər və ictimai səhiyyə sahəsində düzgün müalicənin təmin olunmasında səhiyyə işçilərinin peşəkar hazırlığının vacibliyini vurğulayıb, mütəxəssis olaraq karyera planlamasında hansı məqamlara diqqət edilməsi gərəkdiyini qeyd ediblər.

Türkiyəli alimlər üç saat ərzində tələbələrin 30-dan artıq suallarını ətraflı cavablandırıb, təkliflər və tövsiyələrini söyləyiblər.