Naxçıvan Dövlət Universitetində “Fortepiano” kafedrasının baş müəllimi, musiqi təhsili sahəsində tanınmış pedaqoq Nərminə Qədimovanın 60 illik yubileyi qeyd olunub.
Bu münasibətlə təşkil edilən tədbirdə universitetin rektoru Elbrus İsayev çıxış edərək Nərminə Qədimovanın musiqi təhsili və incəsənət sahəsindəki xidmətlərindən danışıb. Bildirib ki, yubilyar uzun illərdir universitetdə çalışaraq gənc musiqiçilərin yetişməsinə böyük töhfə verib. Rektor Nərminə Qədimovanın pedaqoji fəaliyyətinin həm universitet, həm də Naxçıvan üçün dəyərli olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Nərminə Qədimova əmək fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimi bir neçə dəfə fəxri fərmanla təltif olunub. Bu mükafatlar onun musiqi təhsili sahəsindəki uğurları və pedaqoji fəaliyyətinə verilən dəyərin ifadəsidir. Rektor yubilyarı təbrik edərək elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edib, universitetin fəxri fərmanını və gül dəstəsini ona təqdim edib.
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinin “Fortepiano” kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Səidə Məmmədova, “Xalq çalğı alətləri” kafedrasında kamança müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Bənövşə Rzayeva Nərminə Qədimovanın yaradıcılıq yolundan danışaraq, onun peşəkar fəaliyyəti və musiqi sahəsində qazandığı uğurları xüsusi qeyd edib. Bildirilib ki, Nərminə Qədimova təkcə pedaqoq kimi deyil, həm də musiqiçi kimi yaradıcılıq sahəsində öz töhfələri ilə tanınan bir şəxsiyyətdir. Sonra NDU-nun “Fortepiano” kafedrasının müəllimi Nazilə Qardaşbəyova yubilyara həsr etdiyi şeiri səsləndirib.
Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti Zeynalabdin Babayevin, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Aqib Seyidovun, “Fortepiano” kafedrasının müəllimləri Nərmin Məmmədli və Cahangir Qurbanovun, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevanın həmçinin tələbələr Raiq Rəcəbli və Aliyə Cəfərlinin ifa etdikləri musiqi nömrələri tədbir iştirakçılarının zövqünü oxşayıb.