Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Xanəli Həsənova universitetin “Fəxri Fərmanı” təqdim olunub

Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, ali təhsil ocağında 50 ilə yaxındır qüsursuz fəaliyyət göstərən Xanəli Həsənov kollektiv içərisində hər zaman müsbət keyfiyyətləri ilə seçilib. Qeyd olunub ki, muxtar respublikada fiziklərin yetişməsində mühüm xidmətlər göstərən Xanəli Həsənov universitetdə astronomiya sahəsində də əvəzsiz səyləri ilə öndə olub. Rektor vurğulayıb ki, universitetin fəaliyyətə başladığı ilk dövrlərdən tələbələrin yoluna işıq tutan Xanəli Həsənov səhhəti ilə bağlı universitetdən ayrılsa da onun ali təhsil ocağında müəllim və tələbələrlə daim öz biliklərini paylaşacağına əmin olduğunu bildirib.

Rektor Xanəli Həsənovun 50 illik pedoqoji fəaliyyətini qiymətləndirərək universitetin fəxri fərmanını təqdim edib.

Fizika-riyaziyyat fakültəsinin dekanı, dosent Məftun İsmayılov Xanəli Həsənovun fakültədə gördüyü işlərdən danışıb. Onun elmi-pedoqoji fəaliyyəti dövründə yüksək peşəkarlıq və həvəslə auditoriya qarşısına çıxdığını diqqətə çatdırılıb. Bildirilib ki, o, Türkiyə və İranda beynəlxalq konfranslarda iştirak edərək bu istiqamətdə baş verən yenilikləri daim araşdıraraq elmi fəaliyyətində uğurlar əldə edib.  

Uzun illərdir birgə çalşdığı həmkarı haqqında xoş sözlər söyləyən “Ümumi və nəzəri fizika kafedrası”nın dosenti Fərman Qocayev Xanəli Həsənovla bağlı xatirələrini bölüşüb. Tədbirdə Xanəli Həsənovun universitetin yeni fəaliyyətə başladığı ilk dövrlərdə fizika və astronomiya sahəsinə aid bir çox vəsaitlərin gətirilməsində göstərdiyi xidmətlərdən bəhs edilib.

Sonra Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov, “Ümumi və nəzəri fizika kafedrası”nın müdiri, dosent Billurə Hacıyeva Xanəli Həsənovun həyatından və elmi-pedoqoji fəaliyyətindən danışıblar. Qeyd olunub ki, yüksək insani keyfiyyətləri ilə cəmiyyətdə sayılıb-seçilən Xanəli Həsənov işlədiyi dövrlərdə 50 məqalə, 2 kitab, 1 proqramın müəllifi olub.

Daha sonra   Xanəli Həsənov göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

<