Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elsevier” və “Clarivate” şirkətləri ilk dəfə birgə olaraq “Elmmetrik bazalar üzrə mütəxəssis hazırlığı proqramı” həyata keçirib. Dörd ay davam edən bu proqramın əsas məqsədi ölkədə “Scopus” və “Web of Science” kimi elmmetrik və bibliometrik bazaların ekspert səviyyəsində tətbiqini təmin etmək olub.
Bildirək ki, proqramda iştirak etmək üçün ümumilikdə 150 nəfər namizəd müraciət edib və onlardan yalnız 28-i uğurla proqramı başa vurub. Bu 28 nəfər arasında Naxçıvan Dövlət Universitetinin üç əməkdaşı və bir tələbəsi yer alıb. Universitetin əməkdaşlarından “Əczaçılıq və biokimya” kafedrasının müdiri Surə Rəhimova, Texnoloji Transfer və İnnovasiyalar bölməsinin böyük mütəxəssisi Hüseyn İmanov, müəllim Zəhra Seyidqızı və Memarlıq və mühəndislik fakültəsinin tələbəsi Şəhriyar Quliyev proqramın qalibləri sırasına daxil olublar.
Bu münasibətlə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev əməkdaşlarla görüş keçirib. Tədbirdə müəllimlərin beynəlxalq elmi jurnallarda məqalələrinin çap olunmasının əhəmiyyəti və universitetin beynəlxalq nüfuzda verdiyi töhfələri diqqətə çatdırıb. Elbrus İsayev bu nailiyyətlərin universitet üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə rektor universitetin elmi tədqiqatların inkişafı istiqamətində gələcək planlarını da diqqətə çatdırıb.
Tədbirin sonunda rektor, proqramı müvəffəqiyyətlə başa vuran əməkdaşlara sertifikatlar və kitablar təqdim edib.