Naxçıvan Dövlət Universiteti ilə ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə infosessiyanın ikinci mərhələsi baş tutub. Tədbirdə universitetin Tibb və Xarici dillər fakültəsinin tələbələri iştirak ediblər.
Universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə çıxış edərək infosessiyanın növbəti mərhələsinin keçirildiyini vurğulayıb. O bildirib ki, bu mərhələdə əsas diqqət tələbələrin suallarının cavablandırılmasına və onların fikirlərinin dinlənilməsinə yönəldiləcək.
ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin direktoru İnarə Əliyeva çıxışında əvvəlki infosessiyanın məzmununa qısa nəzər salıb. İştirakçılara alman dilinin hansı ölkələrdə istifadə edildiyi, dil səviyyələri, beynəlxalq sertifikatlar, bu dili öyrənməyin üstünlükləri, eləcə də yaratdığı təhsil və karyera imkanları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ARI Mərkəzi Azərbaycanda alman dili üzrə beynəlxalq imtahan statusuna malik olan ÖSD və TELC imtahanlarının yeganə rəsmi nümayəndəsidir.
Daha sonra tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.