Ümumtəhsil məktəblərinin oğlanlardan ibarət basketbol komandaları arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş birinciliyin qalibi bəlli olub

“Naxçıvan” və “Culfa” komandalarının final görüşündə qarşı-qarşıya gəliblər və hesab 26:0 “Naxçıvan” komandasının xeyrinə olub. Bu nəticəyə əsasən “Naxçıvan” komandası I yerdə qərarlaşıb.

Böyük maraq doğuran yarışın final mərhələsini  Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov və Naxçıvan Basketbol Federasiyasının sədri Elbrus İsayev birlikdə izləyiblər.

 Naxçıvan Basketbol Federasiyasının sədri Elbrus İsayev hər iki komanda üzvlərini idmanın təbliğində göstərdikləri nümunəvi davranışa görə təbrik edib. Bildirilib ki, məktəblilər arasında idmana marağın artırılması və onların pis vərdişlərdən yayınaraq,  idmana yönəlməsi üçün belə yarışların keçirilməsi müsbət haldır.

Final mərhələsinin oyunundan sonra ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr verilib. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov və Naxçıvan Basketbol Federasiyasının sədri Elbrus İsayev təqdim ediblər. 

Bildirək ki, “Ordubad” komandası üçüncü yer uğrunda görüşdə “Kəngərli” komandasını məğlub edib və  bürünc medal qazanıb.