NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı” keçirilib

11.04.2026

NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı” keçirilib

          Naxçıvan Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı”nın açılış mərasimi baş tutub.

          Öncə universitetin İncəsənət fakültəsində tələbələrin rəsm əsərlərindən və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub, qonaqlara duzdan hazırlanmış müxtəlif zinyət əşyaları hədiyyə edilib.

          Tədbirin girişində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Naxçıvan Dövlət Universiteti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

          NDU-nun rektoru Elbrus İsayev ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı”nı açıq elan edərək, qonaqları salamlayıb. Rektor çıxışında artıq ənənə halını alan və bu il beşinci dəfə təşkil olunan müsabiqə-festivalın milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, bu cür tədbirlər tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasında, onların istedadlarının aşkarlanması, qiymətləndirilməsi və geniş ictimaiyyətə tanıdılmasında mühüm rol oynayır.

          Elbrus İsayev müsabiqə-festivalın ölkə miqyasında keçirilən mütərəqqi layihələrdən biri olmaqla yanaşı, gənclərin milli vətənpərvərlik ruhunda formalaşmasına, onların mədəniyyətimizə, incəsənətimizə və milli adət-ənənələrimizə bağlılığının gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

          Tədbir NDU-nun Xor kollektivinin və NDU nəzdində Musiqi Kollecinin “Aşıqlar Qrupu”nun təqdimatında rəngarəng çıxışlar ilə davam edib.

          Sonra müsabiqəyə start verilib. Müsabiqə çərçivəsində milli və dünya xalqlarının çalğı alətlərinin ifası, bədii qiraət, vokal, saz və rəqs kateqoriyaları üzrə iştirakçıların çıxışları izlənilib. Tələbələrdən ibarət solo ifaçılar, bədii qiraətçilər, həvəskar rəqqas və musiqiçilər, eləcə də orkestr və ansambllar, rəqs kollektivləri öz bacarıqlarını nümayiş etdiriblər.

          Səhnəyə çıxan hər bir iştirakçı öz ifası ilə fərqlənməyə çalışıb, təqdim olunan nömrələr münsiflər heyəti tərəfindən peşəkarlıq, səhnə mədəniyyəti və ifa keyfiyyəti baxımından qiymətləndirilib.

          Tədbirin ən yaddaqalan məqamlarından biri isə Xalq artisti Gülyanaq Məmmədova ilə istedadlı tələbənin birgə səsləndirdiyi ifa olub. Bu duet müsabiqəyə xüsusi rəng qataraq iştirakçılar arasında xoş əhval-ruhiyyə yaradıb.

          Qeyd edək ki, müsabiqə-festival müxtəlif nominasiyalar üzrə təşkil olunub və bütün mərhələlərdən uğurla keçən tələbələr yekun konsertdə iştirak hüququ qazanacaqlar.

 

Badəm Əliyeva

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi