Naxçıvan Dövlət Universitetinin Bakıda ali təhsil sərgisində stendi maraqla qarşılanır

Naxçıvan Dövlət Universiteti Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur. 

Sərginin keçirilməsində əsas məqsəd abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək, onların peşə və ixtisas seçiminə dəstək göstərməkdir.

Ölkənin 40-a yaxın dövlət və özəl ali təhsil müəssisələri iştirak etdiyi tədbirdə Universitetin təqdimat stendində abituriyentlərə NDU-nun tədris imkanları, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri və tələbə həyatı barədə ətraflı məlumatlar verilir. Eyni zamanda, universitetə qəbul şərtləri, yeni tədris proqramları və xaricdə təhsil imkanları da ziyarətçilərin diqqətinə çatdırılır.

Qeyd edək ki, iyulun 30-dan başlanan sərgi avqustun 1-dək DİM-in elektron imtahanlar korpusunda davam edəcək. Sərgi çərçivəsində Dövlət İmtahan Mərkəzinin hazırladığı peşə seçimi testləri də təqdim olunur və abituriyentlər bu testlərdən ödənişsiz şəkildə yararlana bilirlər. İştirakçılar əvvəlcədən qeydiyyatdan keçərək sərgini saat 10:00-dan 16:30-dək ziyarət edə bilərlər.