NDU-da 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Pedaqoji fakültənin dekanı, dosent Vəli Əliyev Silahlı Qüvvələrin yaranma tarixi, keçdiyi inkişaf yolundan bəhs edib. Qeyd edib ki, Azərbaycan Ordusunun formalaşmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub, Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vəli Əliyev bildirib ki, Azərbaycan Ordusu maddi-texniki bazası, döyüş hazırlığı və peşəkarlıq səviyyəsinə görə aparıcı ordular sırasındadır və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfər Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bütün dünyaya sübut etdi.

Pedaqoji fakültənin “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri Valeh Əlixanov, kafedranın dosenti Oktay Rzayev və baş müəllimi Pərviz Allahverdiyev Azərbaycan Ordusunun gücündən və yenilməzliyindən, təhlükəsizliyin və xalqın rifahının təmin olunmasındakı mühüm rolundan danışıblar. Bildiriblər ki, Azərbaycan Ordusu təkcə ölkənin ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionda sülhün və sabitliyin əsas təminatçısına çevrilib. Bu şərəfli yolda müasir gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması təkcə təhsil sisteminin deyil, ümumilikdə cəmiyyətin üzərinə düşən vacib vəzifədir.

Sonda “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası üzrə III kurs tələbələrinin bədii qiraəti dinlənilib.