NDU-da gənc ifaçı Murad Rzayevin konserti keçirilib

İyunun 13-də Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin I kurs tələbəsi Murad Rzayevin konserti keçirilib. Konsert Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ilinə həsr olunub.

Konsert proqramında Cahangir Cahangirovun “Cahargah”, Vittorio Montinin “Çardaş”, Bayatı-Şiraz muğamı, Hacıxan Məmmədovun tar və orkestr üçün konsertindən parçalar və Tofiq Quliyevin “Bəxtəvər oldum” əsəri yer alıb. Murad Rzayev həmçinin Pikə Axundovun “Qəlbimin səsi” və Şəfiqə Axundovanın “Çinar və mən” əsərlərini ifa edib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynov konsertdə Fikrət Əmirovun “Gecə keçdi” və Cahangir Cahangirovun “Bakı” əsərlərini təqdim edib. Sonda müəllim və tələbənin birgə ifasında səslənən Adil Bəbirovun “Konsert pyesi” tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Tədbirin konsertmeysterləri Respublika və beynəlxalq müsabiqələr laureatı Aysel Həsənova və VII Respublika müsabiqəsi laureatı Türkan Əzimovadır.

Universitetin müəllimi, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, görkəmli tarzən Əkrəm Məmmədli çıxışında gənc tarzənlərin yetişməsinin sevindirici hal olduğunu bildirib. Qeyd edib ki, son bir ay ərzində dördüncü tarzən tələbənin ifasını dinləyir və bu təqdirəlayiq haldır.

NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov tələbə Murad Rzayevin sənət uğurunu yüksək dəyərləndirib, qeyd edib ki, Murad Rzayev həm ifası, həm də səhnə mədəniyyəti ilə seçilir. Belə tələbələrin yetişməsi milli musiqi sənətimizə töhfədir.