Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Musiqi təlimi kafedrasının təşkilatçılığı ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz sənətkar Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, musiqi ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.
Tədbirin açılışında universitetin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, Vasif Adıgözəlovun yaradıcılığı Azərbaycan musiqi mədəniyyətində mühüm yer tutur və onun zəngin irsi gələcək nəsillərə ötürülməlidir. Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universitetində görkəmli sənətkarların irsinin təbliği daim diqqətdə saxlanılır. Elbrus İsayev həmçinin universitetin Simfonik orkestrinin sənətkarın yaradıcılığı ilə bağlı layihələrdə iştirak etməyə hər zaman hazır olduğunu bildirib.
Tədbirə onlayn qoşulan Xalq artisti, professor, "Şöhrət" ordenli dirijor Yalçın Adıgözəlov atasının xatirəsinin Naxçıvan Dövlət Universitetində əziz tutulmasına görə təşəkkür edib, bu təşəbbüsü yüksək qiymətləndirib. Vasif Adıgözəlovun yaradıcılığının təhsil və mədəniyyət müstəvisində geniş tanıdılmasının vacibliyini vurğulayaraq universitetin Simfonik orkestri ilə birgə layihələrin həyata keçirilməsini məmnunluqla qarşıladığını bildirib.
Sonra Musiqi təlimi kafedrasının müdiri, konsertin bədii rəhbəri Sevinc Musayeva “Vasif Adıgözəlov irsi: Azərbaycanın milli-mədəni sərvəti kimi” mövzusunda çıxış edib.
Daha sonra Vasif Adıgözəlovun “Bayram süitası”, “Layla”, Natəvan operasından “Gözəl Şuşam”, “Sahilə gəl”, “Naz-naz”, “Bakı haqqında mahnı”, “Gözləməsin neyləsin”, “Xoşum gəlir” və digər əsərləri səsləndirilib. İfalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.