NDU-da "Ustadın ruhu, tələbənin səsi" adlı konsert keçirilib

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı: Ekoloji Tarazlıq və Dayanıqlı İnkişaf” I Respublika Elmi Konfransı çərçivəsində “Ustadın ruhu, tələbənin səsi” adlı musiqili konsert proqramı təşkil olunub.

Konsert proqramında “Orkestr alətləri və dirijorluq” kafedrasının Vokal sənəti ixtisası üzrə təhsil alan tələbələri çıxış ediblər. Tamaşaçılara Fikrət Əmirovun “Baharımsan”, Sevil operasından “Sevilin ariozası”, “Gülüm”, Üzeyir Hacıbəylinin “Firuzə” operasından “Firuzənin ariyası”, “Koroğlu” operasından Həsənxanın ariyası, “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrənin dueti, Tofiq Quliyevin “İlk bahar”, “Sevgi valsı”, Emin Sabitoğlunun “Güllər”, “Payız gəldi” və digər əsərlər təqdim olunub. İfa olunan musiqi nömrələri alqışlarla qarşılanıb.

Tədbirin sonunda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək konsert proqramını yüksək qiymətləndirib. Bu cür tədbirlərin təşkilində bütün kurs tələbələrinin fəal iştirakını təqdirəlayiq hal adlandırıb. Vokal və xanəndəlik sənəti üzrə təhsil alan tələbələrin konsert proqramlarında iştirakının xüsusi əhəmiyyət daşıdığını və onların istedadlarının nümayişi üçün geniş imkanlar yaratdığını bildirib.  

Rektor Elbrus İsayev tədbirin uğurlu təşkilinə və təqdimatına görə konsertin bədii rəhbəri, “Orkestr alətləri və dirijorluq” kafedrasının baş müəllimi, Əməkdar artist Gülyanaq Fərzəliyevaya təşəkkürünü bildirib, əməkhaqqının 100 faizi məbləğində mükafatlandırdığını elan edib.