NDU-da Xalq yazıçısı Kamal Abdulla ilə görüş olub, müəllif yeni nəşr olunan “Gizli Dədə Qorqud” kitabını ilk dəfə təqdim edib

Sentyabrın 9-da Naxçıvan Dövlət Universitetində Azərbaycan Dillər Universitetinin rektoru, görkəmli alim, yazıçı-dramaturq, akademik Kamal Abdullailə görüş olub. Universitetin rəhbər heyəti və dilçi alimlərinin iştirakı ilə baş tutan
görüşdə müəllif yeni çap olunan “Gizli Dədə Qorqud” kitabını ilk dəfə təqdim edib. Rektor Elbrus İsayev qeyd edib ki, Kamal Abdulla Azərbaycanın görkəmli alimi,tanınmış yazıçısı, nüfuzlu ictimai xadimidir. Akademik ilə görüşü onun zəngin
elmi, dilçi alim kimi geniş fəaliyyəti ilə daha yaxından tanış olmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan rektor, yeni çap olunan “Gizli Dədə Qorqud” kitabının ilk dəfə məhz Naxçıvan Dövlət Universitetinə təqdim olunmasını xüsusi etimad adlandırıb. Müasir Azərbaycan ədəbiyyatının ən çox oxunan, tanınan və sevilən müəlliflərindən biri olan Kamal Abdulla elmi və ədəbi fəaliyyətinin əsas istiqamətlərindən söz açıb, müxtəlif janrlarda qələmə aldığı bədii əsərlər, onların yazılma səbəbləri haqqında məlumat verib. “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, mifologiyanın bugünkü həyatımıza təsiri barədə fikirlərini bölüşüb. Yazıçı yeni nəşr olunan “Gizli Dədə Qorqud” kitabını ilk dəfə təqdim edib və Universitetin Elmi Kitabxanasına bağışlayıb. Kitab haqqında məlumatları diqqətə çatdıran yazıçı vurğulayıb ki, monoqrafiya əvvəlki nəşrlərin ümumiləşdiricivariantı olmaqla yanaşı, bir sıra yeni fəsillər, bölmələr və əlavələrlə
təkmilləşdirilib.
  Sonda görüş iştirakçıların alimin Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatlarına, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Gizli Dədə Qorqud” və digər əsərlərinə dair onları maraqlandıran sualları
ətrafında müzakirələrlə davam edib.