Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağının “Türkiyə Bursları” proqramı çərçivəsində beynəlxalq təqaüd imkanı qazanan tələbələri ilə görüşüb. Rektor 11 tələbənin 2025–2026-cı tədris ilinin ilk semestrində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində beynəlxalq təqaüd proqramında iştirak hüququ qazanmasını yüksək qiymətləndirib. Vurğulanıb ki, bu uğur yalnız fərdi bilik və bacarıqların göstəricisi deyil, eyni zamanda universitetdə beynəlmiləlləşmə istiqamətində görülən işlərin real nəticəsidir. Eləcə də, tələbələrin beynəlxalq təhsil mühitinə çıxışı universitet üçün həm akademik, həm də strateji baxımdan önəmlidir.
Görüş zamanı tələbələr də onlara göstərilən etimada və dəstəyə görə təşəkkürlərini bildiriblər. Onlar mübadilə proqramı çərçivəsində qazanacaqları beynəlxalq təcrübənin gələcək karyeralarında mühüm rol oynayacağını qeyd ediblər.
Vurğulayaq ki, Naxçıvan Dövlət Universitetində tələbələrin beynəlxalq təhsil imkanlarından yararlanması üçün geniş əməkdaşlıq əlaqələri var. Bu fəaliyyətlərin nəticəsidir ki, akademik göstəricilərə əsasən seçilən 11 tələbələdən 10-u Hacettepe Universitetində, 1-i isə İstanbul Universiteti – Cerrahpaşa'da təhsil alacaqlar.
Qeyd edək ki, Türkiyə uzun illərdir dünyanın müxtəlif ölkələrindən gələn tələbə və tədqiqatçılara təqaüd imkanları təqdim edir. 2012-ci ildən "Türkiyə Bursları" adı ilə tanınan proqram Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığının (YTB) koordinatorluğu ilə həyata keçirilir. Proqram Türkiye Bursları, Yükseköğretim Kurulu, Kredi və Yurtlar Genel Müdürlüğü, Göç İdaresi Başkanlığı və Dışişleri Bakanlığı kimi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində icra olunur.