9 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan MR Rəssamlar Birliyinin təşkilatçılığı ilə Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş “Azərbaycan təsviri incəsənətində Mirzə Qədim İrəvaninin yaradıcılığı” mövzusunda elmi-praktik konfrans və sərgi keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açıq elan edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva tədbirin mahiyyətindən geniş söz açıb. Bildirilib ki, görkəmli rəssam Mirzə Qədim İrəvani Azərbaycan dəzgah boyakarlığının banisidir, eləcə də, yaradıcılığında bir çox sahələri klassik Şərq miniatürü və qədim xalq sənətinin zəngin ənənələrini, Avropa realist boyakarlığının nailiyyətlərini ahəngdar şəkildə vəhdət edərək orijinal üslub formalaşdırmışdır. Vurğulanıb ki, Azərbaycan mədəniyyətinə daim böyük diqqət göstərən Ümummilli Lider Heydər Əliyevin, dahi liderin siyasi irsini davam etdirən ölkə başçısı cənab İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında 2025-ci il 14 fevral tarixli Sərəncamı Azərbaycanın bu görkəmli rəssamının sənətinə və şəxsiyyətinə hörmətin ifadəsi kimi bütün sənətsevərlərin sevincinə səbəb olub.
AMEA Naxçıvan Böməsinin sədri, akademik İsmayıl Hacıyev Mirzə Qədim İrəvani kimi yaradıcı insanların fəaliyyətlərinin araşdırılmasında xüsusi rol oymayan dövlət dəstəyindən söz açıb, 50 il ömür yaşamış rəssamın dərin sənət yolunun bu gün də yaradıcı sənət adamlarının əsərlərində öz əksini tapdığında vurğulayıb. Qeyd olunub ki, Mirzə Qədim İrəvani yaradıcılığı, xüsusilə də Azərbaycan memarlığının şah əsərlərindən olan İrəvandakı Sərdar sarayındakı rəsm kompozisiyaları tədqiqatçılarımızın araşdırmalarında, maraq dairəsində hər zaman öz yerini alır.
Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev çıxış edərək Azərbaycan təsviri sənətinin tarixində yeni mərhələnin başlanğıcını qoymuş rəssamın irsindən bəhs edən faktlardan danışıb. Cənab Prezident İlham Əliyevin Sərəncamının bütövlükdə rəngkarlıq sənətinə, bu məktəbə və eyni zamanda İrəvan ədəbi-mədəni, eləcə də incəsənət mühitinə verilən böyük dəyərin ifadəsi olduğunu vurğulayıb. Elbrus İsayev Sərəncamdan irəli gələn və qarşıda duran fəaliyyətlər çərçivəsində konfrans-sərginin keçirildiyini, bu tədbirin həm də Qərbi Azərbaycana Qayıdış konsepsiyasına bir töhfə olduğunu əlavə edib. Rektor xüsusi olaraq qeyd edib ki, Mirzə Qədim yaradıcı irsini yaşadan nümunələr arasında Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində zərif koloritli naxışlar və ornamentli şəbəkələrlə işlənmiş, bədii-estetik təsir gücünə malik tabloları tələbələrimizin işlərində də görmək sevindirici haldır. Qeyd olunub ki, monumental portret və kompozisiyaların kamil sənət nümunələri kimi yüksək dəyərini qoruyub saxlayan bu ənənə bu gün də kadr hazırlığının inkişafına müsbət təsirini göstərir.
Sonra, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva “Mirzə Qədim İrəvani yaradıcılığı miniatürdən realizmə”, Naxçıvan Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sevda Xəlilova “ Mirzə Qədim İrəvani irsinin yaradıcılıq mərhələləri”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, dil və ədəbiyyat İnstitunun Təsviri və dekorativ-tətbiqi Sənətlər şöbəsinin müdiri Şəmsiyyə Zalova “Milli kimliyini imzasında qürurla daşıyan rəssam”, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Fizzə Quliyeva “Mirzə Qədim İrəvaninin yaradıcılığında Qacar üslubunun interpretasiyası”, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, sənətşünas Nizami Aliyev “Mirzə Qədim İrəvani yaradıcılığı” mövzusunda çıxış ediblər.
Sonda “Azərbaycan təsviri sənətində Mirzə Qədim İrəvani yaradıcılığı” adlı sərgi açıq elan olunaraq, baxış keçirilib. Qonaqlardan Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova sərgi iştirakçılarını təbrik edib, yaradıcılıq uğurları arzulayıblar. Sərgidə iştirak edən rəssamara təşəkkürnamələr təqdim olunub.