“Dahinin izi ilə” adlı tədbir keçirilib

NaxçıvanDövlətUniversiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində görkəmli alim, kimya elmləri doktoru, dövlət mükafatı laureatı, akademik Yusif Məmmədəliyevin elmi irsinə həsr olunmuş “Dahinin izi ilə” adlı tədbir keçirilib.

Tədbirin açılışında NDU TGT sədr müavini, sədr səlahiyyətlərinin müvəqqəti icraçısı Taleh Hüseynli çıxış edərək akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin inkişafındakı mühüm rolundan, kimya sahəsində əldə etdiyi elmi nailiyyətlərdən danışıb. O, həmçinin TGT-nin cari tədris ili üçün müəyyənləşdirilmiş məqsəd və hədəfləri barədə məlumat verib, tələbələrin elmi fəaliyyətə cəlb olunmasının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Daha sonra pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Qızıllı Əliyeva çıxış edərək Yusif Məmmədəliyevin zəngin elmi irsindən, gənclik illərindən və ölkəmizin kimya elminə verdiyi mühüm töhfələrdən bəhs edib. Alimin həyat və yaradıcılığını gənclərə nümunə göstərən Qızıllı Əliyeva çıxışının sonunda Yusif Məmmədəliyevin fikirlərinə istinad edərək tələbələrə səylə çalışmağı və ölkənin elmi gələcəyinə töhfə verməyi tövsiyə edib.

Tədbir akademik Yusif Məmmədəliyevin elmi irsinin gənc nəsil arasında təbliği və tələbələrin milli elmi dəyərlər ruhunda formalaşdırılması baxımından əhəmiyyətli olub.