Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş "Diplomatiya körpüsü kimi təhsil: Özbəkistan-Azərbaycan akademik və mədəni əməkdaşlığının 30 illiyinin qeyd edilməsi" Forumunda iştirak edib. Online olaraq keçirilən forumda ali təhsil ocağından 30-a yaxın əməkdaş qoşulub.
Rektor Elbrus İsayev forumun iştirakçılarını salamlayaraq qeyd edib ki, bu gün tarixi günlər yaşayırıq, türk dövlərinin birgə böyük uğurlara imza atdığının şahidi oluruq. Bu birlik biz elm adamlarının da qarşısında yeni vəzifələr qoyur.
Rektor belə akademik forumların təşkilini ölkələrimiz arasındakı strateji əməkdaşlığa töhfə olduğunu vurğulayıb, görüşü Özbəkistan və Azərbaycan alimlərinin, tədqiqatçılarının bir araya gətirilməsi baxımından uğurlu bir təşəbbüs adlandırıb. Özbəkistan və Azərbaycan ali təhsil müəssisələri arasındakı səmərəli əməkdaşlığa diqqət çəkərək, Naxçıvan Dövlət Universitetinin də bu birlik çərçivəsində fəaliyyətlərini vurğulayıb.
“NDU olaraq tək bu il ərzində neçə dəfə Özbəkistan universitetləri ilə birgə ortaq konfranslarda iştirak etmişik. Perspektivdə dövlətlərimiz arasındakı təhsil prioritetləri çərçivəsində görüşlər nəzərdə tutulub, hətta birgə araşdırma mərkəzinin yaradılmasını da planlaşdırırıq”- deyə, rektor əlavə edib.
Elbrus İsayev üçüncüsü keçirilən forumun eyni dili, mədəniyyəti, tarixi bölüşən, eyni soy kökə malik xalqlarımız arasındakı ədəbi mədəni əlaqələri möhkəmləndirəcəyini qeyd edib. Azərbaycan və Özbəkistanın simasında türkdilli ölkələr arasında təhsil, araşdırma, elm sahəsində əlaqələri daha da inkişaf etdirəcəyini bildirib.