Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Enactus” Azərbaycanın rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad Zeynalovla görüşüb.
Görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev “2024-cü il Enactus Azərbaycan Milli Yarışı”nda beşinci dəfə qalibiyyət əldə edən universitet komandasının uğurlarından bəhs edib. Bildirilib ki, universitetin Enactus komandası müxtəlif illər ərzində ölkəmizi beynəlxalq yarışlarda təmsil edib. Enactusla bağlı yeni layihələrin hazırlandığını qeyd edən rektor sözügedən milli çempionatın tələbələr üçün önəmindən söz açıb. Vurğulanıb ki, ölkənin iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq ideyasını tələbələr arasında təbliğ etmək eyni zamanda onlarda təşkilatçılıq və idarəçilik qabliyyətlərinin inkişaf etdirilməsində Enactusun rolu əvəzsizdir. Elbrus İsayev respublikada gənclər siyasəti və kadr hazırlığına öz töhfəsini verən, tələbələrin böyük maraq göstərdiyi bu çempionatda yaradılan şəraitə və şəffaf mühitə görə təşkilatçılara təşəkkürünü bildirib.
“Enactus” Azərbaycanın rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad Zeynalov NDU-nun Enactus komandasını Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Təşkilatları İttifaqı və Enactus Azərbaycanın təşkilatçılığı ilə keçirilən Enactus Azərbaycan milli çempionatında 5-ci dəfə qalib olmağı münasibətilə təbrik edib. Rəşad Zeynalov Qazaxıstanın Astana şəhərində keçiriləcək “Enactus” Dünya Kubokunda ölkəmizi təmsil edəcək NDU komandasına uğurlar azru edib.
Sonra yarışda 5 dəfə uğurlu iştirakına görə Azərbaycanda ilk dəfə Qlobal Enactus və Enactus Azərbaycanın diplomu Naxçıvan Dövlət Universitetinə təqdim olunub. Eyni zamanda Enactus yarışında göstərdiyi xidmətlərə görə NDU-nun Enactus komandasının rəhbəri Ülvi Baxışlı Qlobal Enactus və Enactus Azərbaycan tərəfindən diplomla təltif edilib.
Sonda ali təhsil ocağının rektoru qonağa hədiyyə təqdim edib.