Naxçıvan Dövlət Universiteti nəzdində İngilis dili Təmayüllü Gimnaziyaya qəbul olan şagirdlərin valideynləri ilə görüş keçirilib.
Tədbirdə universitetin rektoru Elbrus İsayev Prezident İlham Əliyevin təsdiq etdiyi 2023-2027-ci illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində yaradılan Kembric məktəbi və Gimnaziyanın önəmindən bəhs edib. Gimnaziyanın perspektivlərdən danışan rektor şagirdlərin əldə edəcəyi imkanlara toxunub. Qeyd olunub ki, dünya ölkələri ilə paralel olaraq yeniliklərin burda da tətbiq edilərək, xaricdən dəvət olunan mütəxsəssislərin təcrübəsindən şagirdlər faydalanacaqlar. 2 proqram üzrə hazırlığın aparılcağı gimnaziyada Kembric təcrübəsinin də tətbiq olunacağını vurğulanıb. Elbrus İsayev valideynləri təbrik edib və övladlarının savadlı şagird kimi formalaşmasında gimnaziya ilə münasibətlərin düzgün qurulacağına əminlik ifadə edib.
İngilis dili Təmayüllü Gimnaziyanın direktoru Nazim Rəhimov diqqətə çatdırıb ki, 233 şagirdin iştirak etdiyi imtahanda 30 qız 30 oğlan olmaqla ümumilikdə 60 şagird gimnaziyada təhsil almaq hüququ qazanıb. Bildirilib ki, diaqnostik qiymətləndirmə zamanı yüksək nəticə göstərən müəllimlərin Kembric məktəbi və gimnaziyada tədrisinin təşkili həyata keçirilir.
Görüşdə valideynlərə şagirdlərin 2024-2025-ci tədris ili üçün dərs saatları, geyim forması, nizam-intizam qaydaları, yataqxana və qidalanma haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, gimnaziyada tədrisin iki növbəli aparılması nəzərdə tutulub. Bundan başqa şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə gimnaziyada idman, film və kitabxanada oxu saatlarının təşkili barədə görüş iştirakçıları məlumatlandırılıb. Qeyd olunub ki, idman vaxtlarında şagirdlər futbol, basketbol, tennis kimi müxtəlif idman növlərindən və açıq idman qurğularından istifadə edə biləcəklər.
Sonra gimnaziyanın tanıtım videoçarxı izlənib.
Sonda valideynlər sinif otaqları, laboratoriyalar, yeməkxana, yataqxana və şagirdlər üçün yaradılan şəraitlə yaxından tanış olub və onları maraqlandıran suallar cavablandırılıb.