Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarə Heyətlərinin Naxçıvan Dövlət Universitetində müəllim və tələbələrlə görüşü keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb və ali təhsil ocağında təhsilin keyfiyyətinin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, universitetin əsas prinsipi ali təhsil ocağını dünyanın qabaqcıl təhsil sistemlərinə inteqrasiya edərək Azərbaycan ali təhsil məkanında lider bir quruma çevirmək, tədqiqat potensialını artıraraq universitetin əmək bazarı və sənaye ilə əlaqələrini gücləndirmək eyni zamanda tədqiqatyönümlü tədris mədəniyyəti formalaşdıraraq tələbələr və əməkdaşlar arasında demokratik prinsipləri izləmək və vətəndaş məsuliyyətini inkişaf etdirməkdir. Vurğulanıb ki, NDU özünüqiymətləndirmə və təkmilləşdirmə istiqamətinə sadiq qalaraq çoxşaxəli fəaliyyətini uğurla davam etdirir.
Sonra Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx izlənib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov fondun layihələri haqqında məlumat verib. Qeyd olunub ki, fondun əsas missiyası Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi və dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması yolu ilə təhsilin dayanıqlı inkişafına nail olmaqdır..Bu istiqamətdə NDU-nun fəaliyyətini yüksək qiymətləndirən Elnur Nəsibov “Tələbə Plus” və “IELTS imtahanına təşviq” layihələrinin önəmindən də bəhs edib. Diqqətə çatdırılıb ki, “Tələbə Plus” layihəsi çərçivəsində müxtəlif alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə etməsi üçün Təhsilin İnkişafı Fondunun öz tərəfdaşları ilə birlikdə 250-dən çox şirkətlə razılaşma əldə edilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov agentliyin fəaliyyət istiqamətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, agentlik təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələrin hazırlanması və təlimlərin təşkili, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstəyin təşkil edilməsi və bir çox sahələrdə xidmət göstərir.
Sonra “Tələbə Plus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində ikitərəfli və üçtərəfli birgə əməkdaşlıq müqavilələri imzalanıb.
Tələbə Plus layihəsi çərçivəsində imzalanan müqavilədə Təhsilin İnkişafı Fondunun icra etdiyi müxtəlif layihələrlə bağlı universitetə aid əmtəə nişanından ali təhsil ocağı tərəfindən müəyyən edilmiş şərtlər əsasında istifadəsinin tənzimlənməsi və bir sıra mühüm məsələlər yer alıb. Müqavilədə eyni zamanda tələbə kartlarının istifadə qaydası qeyd olunub.
IELTS imtahanına təşviq layihəsi çərçivəsində imzalanan əməkdaşlıq müqaviləsində Naxçıvan Dövlət Universitetinin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların IELTS imtahanına təşviq edilməsi işinin təşkilinə dair bir sıra müddəalar öz əksini tapıb. Həmçinin müqavilədə insan kapitalının formalaşdırılmasının gücləndirilməsi məqsədi ilə elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsi çərçivəsində IELTS imtahanında ümumi ortalama minimum 6.5 bal toplayanlara ödənişlərin geri qaytarılmasının təmin edilməsi yer alıb.
Daha sonra Naxçıvan Dövlət Universiteti adında qonaqlara hədiyyələr təqdim edilib.