Naxçıvan Dövlət Universitetində universitet xəstəxanasının illik fəaliyyəti ilə bağlı hesabat və növbəti ilin planlarına dair müşavirə keçirilib. Universitetin rektoru Elbrus İsayev tələbəyönümlü təhsilin əhəmiyyətinə toxunaraq, tələbələrin nəzəri biliklərlə yanaşı, klinik dərslərdə də fəal iştirakının vacibliyini vurğulayıb. Bildirilib ki, tələbələrin xəstəxana mühiti ilə tanış olması və praktiki təcrübə keçmələri onların peşəkar inkişafı üçün mühüm rol oynayır. Rektor, həmçinin “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən Tibb kampusunun yaradılması məsələsini diqqətə çatdırıb. Plana əsasən, kampusda müasir tədris binası, araşdırma xəstəxanası, tələbə yataqxanası, tibb kolleci və müəllimlər üçün yaşayış binalarının inşası nəzərdə tutulub.
Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi Elmar Rzayev çıxışında xəstəxananın əsas missiyasının tədris və tibbi xidmət göstərmək olduğunu, hədəflərinin isə keyfiyyətli tibbi xidmətin təşkili, profilaktik müayinələrin genişləndirilməsi və elmi-tədqiqat xəstəxanası istiqamətində inkişafın təmin edilməsi olduğunu vurğulayıb. Baş həkimin sözlərinə görə, 2024-cü ildə illik iş planına əsasən tələbələr arasında 186 nəfərdə qan təzyiqi, 115 nəfərdə tiroid vəzinin ultrasəs, 24 nəfərdə isə idman yarışları ilə əlaqədar kardioloji müayinələr aparılıb. Ümumilikdə, il ərzində 225 tələbəyə tibbi xidmət göstərilib. Müəllimlər arasında isə 102 nəfərdə qan təzyiqi monitorinqi, 96 nəfərdə kardioloji, 90 nəfərdə daxili orqanlar və tiroid vəzinin ultrasəs müayinələri həyata keçirilib və ümumilikdə 258 müəllim tibbi xidmətlə əhatə olunub. Gündəlik poliklinik qəbulda isə 110 nəfər iştirak edib. Həmçinin, Elmar Rzayev xəstəxananın 2024-cü ildə poliklinik qəbul üzrə 1846 müraciəti əhatə etdiyini, müxtəlif tibbi aksiyaların keçirildiyini və kollektivin bu tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb. Xəstəxananın mediada aktivliyinin maarifləndirici roluna toxunan baş həkim, 2025-ci il üçün tibbi xidmətin keyfiyyətinin artırılması, profilaktik tədbirlərin genişləndirilməsi və innovativ yanaşmaların tətbiqini prioritet hədəflər kimi təqdim edib.
Müşavirədə universitetin tibb sahəsindəki fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində təkliflər səsləndirilib.
Sonda rektor universitet xəstəxanası ilə bağlı görüləcək işlərə dair tapşırıq və tövsiyələrini verib.